Gürcüstandakı legionerimiz: "Məni çox yaxşı qarşıladılar"

11:58 - 21 Avqust 2021

Azərbaycanın U-21 yığmasının sabiq üzvü, əvvəllər gələcəyinə böyük ümidlər bəslənilən Orxan Əliyev Gürcüstanda legioner həyatına başladı. Bolnisinin "Sioni" klubunda oynayan futbolçu birinci diviziona uğurlu start verməyi bacarıb. 

Sportal.az saytına açıqlama verən yarımmüdafiəçi qonşu ölkədəki çıxışından danışıb: 

“Koronavirusa görə Gürcüstanda çempionatlar dayanıb. Ona görə də fərdi olaraq hazırlaşıram ki, növbəti oyunlara hazır olum. Bu gündən kollektiv məşqlərimiz başlayır. Çempionatda isə rəsmi oyunlar sentyabr 10-da başlayacaq. Həmin vaxtı çempionat bərpa ediləcək. Məni klubda çox yaxşı qarşıladılar. İstər rəhbərlik, istərsə də komanda yoldaşlarım, məşqçilər heyəti. Hər şey yaxşıdı, tələb birdir, yaxşı oynayıb, qollar vurmaq".

Əliyev Gürcüstandakı məqsədlərindən də danışmağı unutmayıb: "Burada 1 məqsədim var, o da məşqlərdə, oyunlarda özümü yaxşı tərəfdən göstərib, qollar vurub, yaxşı oyun göstərim. Gələcəkdə işlərin necə inkişaf edəcəyini ehtimal etmək istəmirəm. İndi yalnız çempionata köklənmişəm. Ki, hər oyunu qalib gələk və çempionatda liderliyimizi davam etdirək. Çempionat sonunda nəyin necə olacağını görəcəyik”.

Son vaxtlar qonşu ölkədə koronavirusa yoluxanların sayının çox olmasına görə çempionatlarda da pauza yaranıb. Orxan, koronavirusla mübarizənin qaydasında getdiyini deyib: “Əslində burada hər şey yaxşıdı. Sakitcə gəzmək üçün çölə çıxıram. Sadəcə maska taxıram, məsafəni qoruyuram. Burada bina evində qalıram, şəraitim yaxşıdı. Heç bir problem yoxdu, hər şeydən də razıyam”.

 

Xəbər xətti