Ukrayna Premyer Liqasında yarışan “Minay”da çıxış edən, əslən azərbaycanlı olan Eldar Quliyev Sportal.az saytına müsahibə verib. Yayda “Maripol”dan “Minay”a keçən gənc yarımmüdafiəçi yeni komandasında əsas heyət üzvünə çevrilə bilib. Atası azərbaycanlı, anası ukraynalı olan Quliyev Azərbaycan millisində də çıxış etmək istəyini gizlətməyib:
- 4 turdan sonra “Minay” 10-cu pillədədi. Bu göstərici sizi razı salır, yoxsa daha yaxşı nəticə gözləyirdiniz?
- Hələ ki, biz cəmi 3 oyun oynamışıq. Digər komandalar isə artıq 4-cü oyununu keçirib. Bu mənada biz daha da çox xal toplaya bilərik. Məncə, çempionata da pis başlamamışıq.
- Bu gün komandanız “Veres”lə qarşılaşacaq. Onları səfərdə məğlub etmək mümkün olacaq? Komandanın cari mövsümki məqsədi nədən ibarətdi?
- “Veres”ə qalib gələcəyik ya yox, öncədən deyə bilmərəm. Amma çox əla hazırlaşmışıq oyuna. Bu oyundakı məqsəd ən azından xalla ayrılmaqdı. Təbii ki, qalib gəlmək də əla olardı. İstənilən oyuna xal üçün çıxırıq, necə alınacaq mövsüm bitəndə görəcəyik.
- Hazırda ölkə çempionatına nə “Şaxtyor”, nə “Dinamo”(Kiyev) başçılıq edir. “Desna”nın liderliyi hamı üçün sürprizdi?
- Hələ cəmi 4 tur keçib. Hər şey ola bilər. Ona görə də “Desna”nın ilk pillədə olması o qədər də qəribə görünməməlidi. Çünki bu idmandı, çempionatda hər an, hər şey dəyişir.
- Çempionatda 3 oyun oynamısan və “Minay”ın əsas heyət oyunçusu olacağına inamın var?
- Düzünü deyim, bizim hər oyun üçün heyətimiz dəyişir. Hansı oyunçunu meydana buraxmaq lazım olduğuna isə baş məşqçimiz özü qərar verir. Görək də gələcək nə göstərəcək.
- Əslən Azərbaycandan olduğunu bilirik. Maraqlıdı, Ukrayna çempionatında oynadıqdan sonra sənə AFFA-dan zənglər gəlib? Ən azından, çıxışını izlədiyini deyiblər sənə?
- Mənə yalnız Azərbaycanın U-21 yığmasında oynamağı təklif ediblər. Ora isə hələ ki, yollanmaq fikrində deyiləm.
- "Maripol"dan ayrılanda necə, Azərbaycan klublarından təklif almışdın?
- Xeyr, təklifim yox idi. Olsaydı da belə, Ukrayna çempionatında oynamaq haqda düşünəcəkdim.
- Komanda yoldaşın Rüstəm Əhmədzadə Azərbaycanın əsas millisinin üzvüdü. Heç səninlə Azərbaycan millisi barədə danışır?
- Rüstəm Azərbaycan millisinə yollandığı üçün şad olduğunu bildirir. Onu çox yaxşı qarşılayıblar, millidə olmaq özü üçün də maraqlıdı. Çünki deyir ki, Azərbaycan millisi güclü baş məşqçisi olan, güclü komandadı.
- Sən özün, sonuncu dəfə Bakıda nə vaxt olmusan?
- Elə də uzun müddət deyil. Arada-bir Bakıda oluram. Sonuncu dəfə 3 il bundan qabaq gəlmişdim paytaxta.
saytlarin hazirlanmasi