Ötən tur "Zirə"nin heyətində debüt edən Mohamed Hamdaui Azərbaycan Premyer Liqasında çıxış edən 10-cu niderlandlı kimi tarixə keçdi. Əslən mərakeşli olsa da, o, Niderland vətəndaşlığına sahibdi. Sonuncu dəfə isə 4 il əvvəl, daha dəqiq desək 2017-ci ildə “Qəbələ” niderlandlı oyunçu transfer etmişdi. Belə ki, bölgə klubu Almaniyada "Nürnberq"in ikinci komandasında çıxış edən Deyvi Bultuisi heyətinə cəlb etmişdi.
Ümumiyyətlə, indiyə qədər niderlandlı futbolçulara ən çox “Qəbələ” ehtiyac duyub. Bölgə klubunda bu ölkədən 4 futbolçu oynayıb. Bu dəfə sizə indiyə qədər ölkəmizdə çıxış etmiş niderlandlılar arasında ən yaddaqalan 5 futbolçunu təqdim edəcəyik.
Con Kollinz
Hazırda karyerasını başa vurmuş Con, ölkəmizə gəlmiş futbolçular arasında ən tanınmışlardandı desək, yanılmarıq. 2006-cı ildə Niderlandın U-21 yığmasının heyətində Avropa çempionu olan forvad vaxtilə “Tvente”, “Fulhem”, “Lester”, “Uotford” kimi klublarda da oynayıb. Niderlandın əsas millisində də çıxış etmiş Con 2011-ci ildə ABŞ-ın “Çikaqo Fayr” klubundan ayrılaraq “Qəbələ”yə keçmişdi. Lakin Toni Adamsın rəhbərliyi altında Conun "Qəbələ”dəki uğursuz karyerası onun ölkəmizi tərk etməsinə məcbur etmişdi. Sonradan İrana yollanmış hücumçu hazırda Niderland aşağı liqada mübarizə aparan "Buitenboys" klubunda oynayır.
Lorenzo Ebesiliyo
“Qəbələ”nin daha bir tanınmış niderlandlısı. O, Azərbaycana gələnə qədər “Ayaks”ın heyətində iki mövsüm çempionluq sevinci yaşamışdı. Əslində yarımmüdafiəçi “Qəbələ”dəki oyunu ilə də diqqətləri üzərinə çəkməyi bacarmışdı. Ölkəmizdən ayrıldıqdan sonra Lorenzo “Anji”, APOEL, “Srvena Zvezda” kimi komandalarda oynadı.Son 2 ili Yaponiyada "Cubilo İvata"da keçirmiş futbolçu indi klubsuzdu.
Ruben Şaken
Onun “İnter”(indiki "Keşlə") karyerasının qısa çəkməsinin səbəbi klubdakı maddi problemlərin olması idi. Hər halda bu barədə futbolçu özü ölkəsinə qayıtdıqdan sonra verdiyi müsahibədə demişdi. Azərbaycana, “İnter”ə gəlişi də maraqla qarşılanmışdı. Çünki o, 5 illik “Feyenoord” karyerasının ardından Azərbaycanın yolunu tutmuşdu. Buna səbəb isə Rotterdam klubunda ona son vaxtlarda şans verilməsi idi. 2015-ci ildə Bakı klubunda oynamış vinger sonradan yenidən ölkəsinə qayıdaraq, bu dəfə “Den Haaq”la müqavilə imzalamışdı. O, Azərbaycana gələnə qədər Niderland millisində 7 oyun oynayıb 2 qol vurmuşdu. Şaken hazırda futbolçu karyerasını başa vurub.
Melvin Platye
Melvin daha çox özünü doğrulda bilməməsi ilə yadda qalıb. “Neftçi”yə böyük ümidlərlə cəlb edilən forvard “ağ-qaralar”ın heyətində 14 oyuna çıxaraq cəmi 1 oyunda fərqlənə bilmişdi. O da penalti zərbəsindən. “Neftçi” ondan heç cürə xeyir ala bilmədiyindən bir müddət “Kalmar”a icarə verib, sonradan birdəfəlik ondan canını qurtarmışıd. İndi isə o, İndoneziyada “Bali Yunayted” forması geyinir.
Leroy Corc
Yəqin ki, bu futbolçu Azərbaycan futbolsevərləri üçün daha çox tanınan niderlandlıdı. Həm də Azərbaycanda komandasına ən çox xeyir vermiş, ən uğurlu niderlandlı transferdi. Çünki futbolçu “Qarabağ”ın aparıcı futbolçulardan olub, komandasına həm daxili, həm də avrokuboklarda xeyir verməyi bacarmışdı. 2013-cü ildə “Neymegen”dən ayrılaraq “Qarabağ”ın yolunu tutmuş Surinaməsilli niderlandlının Ağdam klubundan gedişi də fanatlarını çox üzmüşdü. O, ağdamlıların heyətində daxili və avrokubok oyunlarında adından söz etdirə bilmişdi. 2 illik “Qarabağ” macərasından sonra futbolçu Türkiyəyə yollanaraq, “Göztəpə” və “Adana Dəmirspor” formaları da geyinmşdi. Son klubu “Fortuna”(Sittard) olan 34 yaşlı hazırda özünə klub axtarır.