"Matç başlayan kimi qol şansımız oldu, sadəcə top dirəyə dəyib çölə çıxdı. “Sumqayıt”la matçda da belə olmuşdu. Əslində biz yaxşı oynayırıq, hücumlar qururuq sadəcə istifadə edə bilmirik. Topu vururuq dirəyə dəyib çölə çıxır, ardınca rəqib qollar vurur. İki oyundur ki, belə epizod başımıza gəlir. Sonradan oyunu bərabərləşdirmək istədik, alınmadı".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Keşlə"nin müdafiəçisi Şəhriyar Əliyev deyib.
Azərbaycan Premyer Liqasının ikinci turunda "Qəbələ"yə səfərdə 1:2 uduzan "Keşlə" mövsüm ərzində ardıcıl ikinci məğlubiyyətini yaşamış oldu. Əliyev matçın son dəqiqələrində meydandan qovulmasına isə bu cür aydınlıq gətirib: "Qırmızı vərəqəyə gəlincə, məni öncəki epizodda itələdilər, hakim vermədi, mən də getdim sərt oynadım. Baş hakim isə sarı vərəqə göstərdi. Dördüncü hakimə dedim ki, “görmürsən epizodu, korsan”?
Söyüş, pis kəlmə deməmişəm. Oyundur da, istər-istəməz adamın ağzından çıxır. Dördüncü hakim də bunu baş hakimə dedi, o da mənə qırmızı vərəqə göstərdi. Ancaq hakim deyir ki, sən təhqir eləmisən. Mən özümdəydim axı, bilirm ki, təhqir etməmişəm. Sadəcə dedim ki, 30 saniyə əvvəl olan qayda pozuntusunu görmürsüz, bunu dərhal görürsüz, korsuz? Oyundan çıxanda da dedim dördüncü hakimə çox sağol dedim".