Hücumçu axtarışını davam etdirən “Neftçi” bu dəfə Avstraliya millisinin forvardı Nikita Rukativsaya “elçi” düşüb.
Sportal.az saytının özəl məlumatına görə, “ağ-qaralar” hücum xəttindəki boşluğu məhz 34 yaşlı hücumçu ilə aradan qaldırmaq niyyətindədi. Son dəfə “Makkabi”(Hayfa) klubunda çıxış etmiş və hazırda klubsuz qalan hücumçu əslində “Neftçi”yə daha tez transfer ola bilərmiş. Çünki tərəflər bütün şərtlərdə razılaşıbmış, Rukavitsada “Neftçi”yə keçidə hazır olub.
Amma son anda hələ də gizli saxlanılan və son anda ortaya çıxan problemə görə forvardın “Neftçi”yə keçidi baş tutmayıb. Klub isə hələ də həmin problemi aradan qaldırıb forvardı rənglərinə bağlamaq istəyir. Yaxın günlərdə transferin konkret olaraq baş tutub-tutmayacağı dəqiqləşəcək.
Avstraliyada “Pert Qlori” forması geyinmiş Nikita “Tvente”, “Rozelar”, “Herta”(Berlin), “Maynts”, “FSV Frankfurt”, “Vestern Sidney”, “Beytar” klublarında çıxış edib. Əslən Ukraynadan olan Rukavitsa həm Avstraliya, həm də İsrail vətəndaşlığına sahibdi.