Millimizə namizədlər - Türkiyə, Ukrayna, Çexiyada oynayanlarımız yaddan çıxıb?

11:00 - 23 Avqust 2021

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya və 7-də Portuqaliya önünə çıxacaq. Yaxın günlərdə isə Canni De Byazi milli üçün heyəti açıqlamalı olacaq. Xaricdə oynayan və millinin heyətində yer alaraq, kömək edəcək futbolçular əslində az deyil. Ən azından Türkiyə və Ukraynaya nəzər salsaq, elə futbolçular var ki, yığma üçün məlhəm ola bilər. Onlar arasında əvvəl “milliləşdirilmiş” olanlar da var. Ölkə xaricində oynayanlarımızın sayı o qədər azdır ki, fərq etmir əsas və ya birinci liqada oynayan kim varsa, ən azından onları da milli üçün sınaqdan keçirmək mümkündü. Özünü bir az göstərən milli komandaya dəvət edilib, şans görməlidi. 


Fərid Nəbiyev



“Qəbələ” akademiyasının yetirməsi olan Fərid bir neçə ildir ki, özünü Çexiyada sübut etməyə çalışır. Əslində Fərid 2021/2022 mövsümünə yaxşı start götürüb. Belə ki, ötən mövsümü “Viktoriya Jikjkov”da keçirən futbolçu bu mövsümə də eyni liqa və eyni komandada başlayıb. Amma ötən mövsümlə müqayisədə Nəbiyev çempionata daha yaxşı start verib və 5 turun ardından 2 qol vurmağı bacarıb.


Timur Temeltaş – Taşkın İltər

Hər iki türkiyəli Almaniya futbol məktəbinin yetirməsidi. Temeltaş hətta Almaniya U-17 yığmasında da çıxış etməyə macal tapıb. Azərbaycanın U-21 yığmasında çıxış etmiş yarımmüdafiəçi son illərdə Türkiyə birinci liqasında effektiv oyun sərgiləyir. 1992-ci il təvəllüdlü yarımmüdafiəçi son vaxtlar illərdə “Altınordu” və “Ümraniyəspor”un heyətində 140 oyun keçirmişdi. Yarımmüdafiənin mərkəzində çıxış edə bilən 29 yaşlı futbolçu hazırda futbolçu qıtlığı yaşayan millimizə kömək ola bilər. 



Taşkın İlterin məsələsi isə daha qəribədi. Belə ki, U-21 yığmamızda çıxış edərkən komandanın aparıcı simalarından hesab edilən, hətta A millimizə də cəlb edilmiş yarımmüdafiəçi sonradan bizimkilərin yadından çıxmışdı. O da mövsümə yaxşı başlayıb. “Eyüpspor”da Temeltaşla komanda yoldaşı olan yarımmüdafiəçi ilk iki turu 2 qol vurmaqdan savayı, komandasının aparıcı üzvünə çevrilə bilib. Bir ara “Qarabağ”a keçidi gündəmdə olmuş, sonradan transferi alınmayan İltər də karyerasını uzun illərdi ki, qardaş ölkədə davam etdirir. Canni De Byazinin İlteri izləyib-izləmədiyi bəlli deyil. 1994-cü il təvəllüdlü futbolçudanda millimiz üçün istifadə etmək mümkündü.



Ufuk Budak

Namiq Ələsgərovla “Bursaspor”da komanda yoldaşı olan Ufuk Budak da millimizə təcrübəsilə kömək ola biləcək futbolçudu. Doğrudu, uzun illərdi ki, problemə çevrilən "sol cinah müdafiəçisi" Azərbaycan millisində sanki son vaxtlarda həllini tapıb. Çünki əvvəllər ən azından bir solaxay tapa bilmirdiksə, indi bu mövqe üçün millidə namizədlər çoxdu - Anton Krivotsuk, Təmkin Xəlilzadə, Elvin Cəfərquliyev, Azər Salahlı. Toral Bayramovun “Qarabağ”da sol cinah müdafiəçisi kimi çıxış etdiyini nəzərə alsaq, hazırda bu mövqedə ən güclüsünün Toral olduğunu demək mümkündü. İstənilən halda Budakın da təcrübəsi milli üçün kömək sayıla bilər.



Vüsal İsgəndərli

Son vaxtlar milli komandaya cəlb edilməyən Vüsal İsgəndərli yay “transfer pəncərəsi” zamanı “Keşlə”dən ayrılaraq Ankaraya yollanıb “Keçiörengücü” klubu ilə müqavilə imzaladı. İlkər Pürənin rəhbərliyi altında start heyətində meydana çıxan İsgəndərli birinci liqada özünü yaxşı tərəfdən göstərə bilir. Sürətli driblinqləri ilə seçilən İsgəndərlinin də milliyə xeyir verə biləcəyini ehtimal etmək mümkündü.



Eldar Quliyev


“Şaxtyor”un uşaq futbol məktəbinin yetirməsi olan Eldar Quliyev yayda “Mariopol”dan ayrılaraq “Minay”a keçmişdi. Quliyev cari mövsüm komandasının keçirdiyi bütün oyunlarında meydanda olub. Özü də Eldar, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyevin nəvəsidi. Futbolçu da elə yarımmüdafiənin mərkəzində komandasının “beyni” kimi çıxış edir. 19 yaşlı futbolçunun Canni De Byazinin siyahısında olduğunu düşünmək mümkündü. 



Renat Dadaşov

Bir ara zədədən əziyyət çəkən Renat Dadaşov artıq stabil olaraq oyunlarını oynayır. "Vulverhempton"da şans tapmadığından Portuqaliya Superliqasında yarışan "Tondela"ya icarəyə verilən forvard yavaş-yavaş özünə gəlməyə çalışır. Futbolçu geridə qalan hər 3 turda meydanda olub. Amma təəssüf ki, futbolçu bir oyunda 88-ci, ikinci matçda 80-cı, dünənki matçda isə 79-cu dəqiqədə meydana daxil olub. Dadaşov üçün əslində Portuqaliya liqası yad deyil. Çünki o, 2018/2019 mövsümündə "Eştoril", 2019/2020 mövsümündə isə "Pakoş de Ferreyra"da çıxış edib. Futbolçunun Azərbaycan millisi üçün nə qədər hazır olub-olmadığını demək çətindi. Amma klubunda az-az oynayan Renatın da milli üçün ehtiyat qüvvə ola biləcəyini ehtimal etmək çətin deyil.

Xəbər xətti