"Qəbələ"li: "Əsas hədəfim Azərbaycanın əsas millisində oynamaqdı"

11:57 - 23 Avqust 2021

"Kollektiv olaraq hər oyuna qələbə üçün çıxırıq. Şükür Allaha çəkdiyimiz əziyyətin bəhrəsini görürük. 2 turdan sonra aktivimizdə 4 xal var. Bu cür nəticə gözləyirdim? Niyə də yox? Bəli, gözləyirdim. Çünki yaxşı komandamız var".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Rövlan Muradov deyib. Bölgə klubunun yarımmüdafiəçisi Premyer Liqada 2 tur sonra hazırda 4 xala sahib olan komandasının çıxışını dəyərləndirib. Muradov, Premyer Liqanın 2-ci turunda evdə “Keşlə”yə 2:1 hesabı ilə qalib gəldikləri görüş barədə isə bu cür danışıb:

“Oyuna yaxşı başladıq, qol epizodlarından da maksimum yararlandıq. “Keşlə” üzərində layiqli qələbə qazandıq. Çünki meydanda istəkli, əzmli çıxmışdıq. Mövsümdəki ilk ev oyununda qələbə qazanmaq niyyətindəydik. Şükür Allaha istədiyimiz oldu. Qol epizodlarımız çox idi, yararlana bilmədik. 2:0 əslində çox sürüşkən hesabdı. Rəqib 1 qol vurduqda istər-istəməz psixoloji üstünlük qazanır və hər an kobud səhv və yaxud ani diqqətsizlikdən sonra hesab bərabərləşə bilər. Amma biz sona kimi döyüşüb 3 xalımızı qazandıq”.

Premyer Liqanın 1-ci turunda, “Neftçi” ilə matçda komandasına penalti qazandırarkən Muradov cərimə zərbəsini özü yerinə yetirmək istəsə də, sonda İsnik Alimiyə buraxmalı olmuşdu. Futbolçu həmin epizodu belə şərh edib: “Hər oyunda komandaya xeyir vermək istəyirəm. “Neftçi” oyununda 1 assist və 1 penalti ilə oynadım. Təbii ki, penaltini özüm vurmaq istəyirdim. Çünki buna tam hazır idim, özgüvənim yerində idi. Ancaq qismət(gülür). Əsas odur ki, komandam nəticə qazansın”.

Sonda isə futbolçu milli komandaya dəvət almaq istədiyini də bildirib: “İki tur geridə qalıb. Təbii ki, milli komandaya dəvət almağı istəyərdim. Millinin şərəfini qorumağa, canla-başla milliyə xidmət etməyə hazıram. Əsas hədəfim də Azərbaycanın əsas millisində oynamaqdı”.

Xəbər xətti