Azərbaycanda oynadıqdan sonra karyerasında yüksəlişə keçən tək-tük futbolçulardan biri Sergey Kravçenkodu. Vaxtilə “Qarabağ”da oynadıqdan sonra o, Ukrayna millisinə kimi yüksəlmiş, “Dnamo”(Kiyev) klubuna transfer edilmişdi. 38 yaşı olmasına baxmayaraq futbolçu indinin özündə də Ukrayna Premyer Liqasında çıxış edir. "Çernomorets"in şərəfini qoruyan təcrübəli futbolçu Sportal.az saytına müsahibəsində "Qarabağ"dakı günlərindən danışıb:
- Hazırda “Çernomorets”də çıxış edirsən. Bu yaşda Ukrayna Premyer Liqasında oynamaq çətin gəlmirki?
- Doğrudu, “Çernomorets”də oynayıram. Bu mövsüm Premyer Liqaya yüksəldik. Bir il birinci diviziondaydıq. İndi də yüksək liqada oynayırıq, hər şey normaldı. Komandanın məqsədi Premyer Liqadan düşməməkdi. Çünki gənc komandamız var, heyətdə gənclər çoxdu. Ona görə də liqada qalmaq üçün oynayırıq. Xeyr, heç bir çətinlik çəkmirəm.
- Komandanın məşqçiləri arasında Azərbaycan futboluna yaxşı bələd olan Aleksey Antonov və Aleksey Qay var. Maraqlıdı, onlarla heç ara-bir Azərbaycan futbolundan danışırsınız?
- Tez-tez olmasa da, bəli, Azərbaycandakı vaxtlarımızı xatırlamışıq, söhbət etmişik. Onlar “Qəbələ”dəki günlərdən, Roman Qriqorçukdan danışıblar. Mən də “Qarabağ”da uzun illər əvvəl oynamışdım. Mənim vaxtımda “Qarabağ” o qədər də güclü komanda deyildi. Hərdən-bir xatırlayırıq.
- Ukrayna çempionatında azərbaycanlılar da az çıxış etmir. “Kolos”da Anatoli Nuriyev, “Minay”da Eldar Quliyevlə Rüstəm Əhmədzadə çempionat oyunlarında meydana çıxırlar. Onlar haqda hansı fikirdəsən?
- Nuriyev özünü “Minay”da yaxşı tərəfdən göstərib “Kolos”a keçdi. Klubu avrokuboklarda oynayırdı, sadəcə mübarizəni dayandırdılar. Eldar Quliyev və Rüstəm Əhmədzadə haqda çox maraqlanmamışam. Ancaq əgər onlar Ukrayna Premyer Liqasında oynayırlarsa, demək ki, yaxşı futbolçulardı. Hər şey onların əlində və ayaqlarındadı.
- Azərbaycan futbolunu izləyirsən? “Qarabağ”ın ifasında son dəfə baxdığın hansı oyun olub?
- Deməzdim ki, Azərbaycan futbolu ilə çox yaxından maraqlanıram. Doğrudu, turnir cədvəlini izləyirəm. “Qarabağ” həmişə ilk pillədə olurdu, ötən mövsüm “Neftçi” çempion oldu. Düzdü, mənə dedilər ki, ötən mövsüm orada hər şey düzgün olmadı. Bilmirəm, lap yaxından izləmirəm liqanı. Buna baxmayaraq, əlbəttə ki, daima “Qarabağ”a azarkeşlik edirəm. Çünki bu komandada oynamışam. Avrokuboklarda oyunları izləyirəm və hər zaman “Qarabağ”ın qələbə qazanmasını istəyirəm.
- Ümumiyyətlə, “Qarabağ”la xatirələrin necədi? Bu komandaya transferini necə xatırlayırsan?
- “Qarabağ”la xatirələrim superdi. O vaxtı “Qarabağ” ortabab komanda idi. Oradakı günlərimi çox yaxşı xatırlayıram. Həm Bakı, həm komanda, həm komanda yoldaşlarım, həm personal, həm də münasibəti çox sevirdim. Mənim üçün yeni təcrübə idi, hər şey əla idi. İndi də “Qarabağ”dakılarla danışıram, yazışıram.
- Azərbaycandan ayrıldıqdan sonra karyerasında yüksəliş olan tək-tük futbolçulardansan. Necə oldu ki, “Qarabağ”dan ayrıldıqdan sonra “Dinamo”(Kiyev) kimi komandaya kimi yüksəldin, Ukrayna millisinə dəvət aldın? “Qarabağ”da oynamaq bu məqsədlərinə çatmağına nə dərəcədə rol oynamışdı?
- Necə belə alındı, bilmirəm. Çox çalışmaq və inanmaq lazımdı. Yaxşı ki, belə alındı, “Dinamo”, “Dnepr” və Ukrayna yığmasında oynadım. Demək ki, “Qarabağ” karyerama böyük təkan verdi. Çünki ilk dəfə idi Premyre Liqada oynayırdım, yaxşı təcrübə idi. Buna qədər "Şaxtyor"(Donetsk) klubunun 2-ci komandasında oynamışdım. "Qarabağ"da inam, özgüvən qazandım ki, bu da "Dinamo", "Dnepr" klubuna transfer olmağıma, Ukrayna yığmasına kimi irəliləməyimə kömək oldu. “Qarabağ”da daima əsas heyətdə oynayırdım, özgüvən verirdi mənə. İlk peşəkar yüksək liqam təcrübəm idi.
- “Qarabağ” bu mövsüm Konfrans Liqasında qruplara qalmaq üçün “Aberdin”lə cavab qarşılaşmasından uğurlu nəticə ilə ayrılmalıdı. Səncə, onlar evdə 1:0 məğlub etdiyi komandanı səfərdə də məğlub edə bilər?
- Bəli, “Qarabağ” daima avrokuboklarda çıxış edir. Yetərincə də uğurlu oyunları var. “Aberdin”i keçəcəklərinə və qruplara qalacağına inanıram. Çox istəyirəm ki, “Qarabağ” yenə də qruplarda oynasın.
- İndinin özündə də “Qarabağ”dan kiminləsə danışırsan? Bu komandadan ayrıldıqdan sonra, son illərdə heç “Qarabağ”a dönmək variantın olub?
- Bəli, arada-bir Asif Əsgərovla danışıram. Mən “Qarabağ”da oynayanda, komandanın hücumçusu olan Müşfiq Hüseynovla yazışıram. İndi məşqçi kimi çalışır komandada. Avropa Liqasında “Qarabağ”la oyunlarda onu görəndə sevindim. Belə, mən orada oynadıqdan bu yana heç kim qalmayıb komandada. Qayıtmaq imkanı olmamışdı.
- Qurban Qurbanov 13 ildir ki, komandanın baş məşqçisi postundadı. Onun fəaliyyəti haqda hansı fikirdəsən?
- Qurban Qurbanovun yaxşı məşqçi olduğunu bilirəm. Əgər illərdi ki, komanda çempion olursa, avrokuboklarda stabil çıxış edirsə, nəsə deməyə ehtiyac var? Demək ki, ortada baş məşqçinin böyük zəhməti, uğuru var. Bəli, əminliklə deyə bilərəm ki, "Qarabağ"ın uğurlarında Qurban Qurbanovun böyük rolu var. Nəticələr özü danışır, nəsə deməyə ehtiyac yoxdu