Veteranlar da haqsızlığa dözmədi: "AFFA hakimlərə ciddi xəbərdarlıq etməlidi"

18:44 - 23 Avqust 2021

Futbol Veteranları Şurasının sədri Oktay Abdullayev və həmin şuranın üzvü Zaur Ramazanov Sportal.az saytına açıqlama verib.

 

Veteran futbolçular Azərbaycan Premyer Liqasının ilk iki turunda "Zirə"nin oyunlarında hakimlərin verdiyi qərarlarla bağlı danışıblar:

 

Oktay Abdullayev: "Rəşad Sadıqov gənc məşqçilərdən biridi. Artıq ikinci ildi ki, "Zirə"də işləyir, yeni komanda formalaşdırıb. İlk iki turda göründü ki, "Zirə"nin haqqı yeyilir. "Qarabağ"la oyunda təmiz qolları sayılmadı, "Neftçi" ilə matçda da penalti verilmədi. Bu, həm baş məşqçinin, həm də komandanın üzvlərinin əziyyətini yerə vurmaqdı. Hakimlər bu baxımdan diqqətli olmalıdı. İlk iki turdan sonra görünür ki, "Zirə"yə qarşı hakimlər tərəfindən haqsızlıq var.  Buna görə də mən dözmədim. Haqq-ədalət öz yerini tapmalıdı. Qarşıdakı turlarda hakimlər bütün oyunlarda diqqətli oynamalıdı. Göz görə-görə səhvlər olunur. Belə səhvlərin ucbatından komanda həvəsdən düşür, sponsorlar da futboldan küskün olurlar. Haqsızlıq olmasa, həm məşqçilər, həm sponsorlar daha həvəslə işləyər. Mövsümün sonunda klub bunun əziyyətini çəkir. Həmin itirilən xallar komandanın avrokuboklara vəsiqə qazanmasına mane olur. Hakimlər ciddi və diqqətli olmalı, komandaların, məşqçilərin əziyyətini yerə vurmamalıdı".

 

Zaur Ramazanov: "İlk iki turda hakimlərin "Zirə"yə qarşı səhv qərar verməkləri göz önündədi. Həm "Qarabağ"la oyunda, həm də "Neftçi" ilə oyunda qəsəbə təmsilçisinin haqqı yeyildi. Ötən mövsümdən başlayaraq hakimlər "Zirə"yə qarşı xeyli ciddi səhvlər edib. Mənim yadıma gəlmir ki, nə vaxtsa "Zirə"nin lehinə penalti verilsin. Bu iki turda da göründü ki, hakimlər Rəşad Sadıqovun komandasına qarşı ciddi səhvlərə yol verir. Bunun ardıcıl olması məndə şübhə yaradır ki, kimlərsə "Zirə"yə qarşı çıxırlar. Bu cür amillərlə hakimlər həm baş məşqçisi Rəşad Sadıqovun, həm də komandanın ilboyu çəkdiyi əziyyətin üstündən xətt çəkirlər. AFFA hakimlərə ciddi xəbərdarlıq etməlidi. Tək "Zirə"yə yox, heç bir komandaya qarşı belə səhvlərə yol verilməsin. Hakimlərin yanlış qərarlarına görə mövsümün sonunda komandanın çəkdiyi əziyyət yerə vurulur. Bu cür nöqsanların baş verməsi həqiqətən də "Zirə"yə qarşı haqsızlıqdı".

Xəbər xətti