Bir müddət əvvəl Taylandda keçmiş klubu "Kamphaenq Phet"lə müqavilə imzalayan Məmməd Quliyev Sportal.az saytına açıqlama verib. Artıq müəyyən müddətdir ki, futbolçu karyerasını Taylandda davam etdirən Quliyev oradakı həyatından danışıb.
Bununla yanaşı Asiyadakı məqsədlərindən də söz açan həmyerlimiz, Taylandın əsas liqasında oynamaq ehtimallarını da qiymətləndirib: "Üçüncü liqa klubundan bir neçə təklifim var idi. Amma rəhbərliklə danışdım və əvvəlki komandamın şərtləri uyğun olduğu üçün bu cür addım atdım, keçmiş komandama qayıtdım. Keçmiş komandamdı, buranı yaxşı tanıyıram. Liqa sentyabrın 4-də başlamalıdı. Hələlik yoluxma günlük 19000-20000 arası olduğuna görə, federasiya da duruma uyğun hərəkət edəcək. Ümid edirəm ki, deyilən vaxtda başlayacaq liqa. Xeyr, mən koronavirusa yoluxmamışam, özümü daima qoruyuram".
Quliyev, Taylandda futbola olan münasibətdən və Azərbaycanla yaşadığı ölkənin futbolu arasında müqayisə də aparıb: "Taylandda futbola münasibət çox yaxşıdı. Yəni azarkeşlər futbolu sevir, legioner futbolçulara qarşı xüsusi hörmət göstərirlər. Klubların maddi durumları yaxşıdı, üçüncü və ya ikinci liqada oynamaq sərf edir. Azərbaycan və Tayland liqaları arasında fərq? Əsas fərq komandalarının sayındadı. Tayland əsas liqasında 16 komanda mübarizə aparır. Yanaşma, peşəkarlıq yüksək səviyyədədi. Bütün liqalardan söhbət gedir. Üçüncü liqanı götürsək, 6 qrup, ümumilikdə 60-64 komanda mübarizə aparır, yəni maraq çox böyükdü. İkinci liqada 18 komanda mübarizə aparır, bütün komandaların maddi durumu da yaxşıdı. İkinci liqa komandası var, ötən mövsüm mən oynadığım qrupda çempion oldular, ikinci liqaya qalxıdlar. Bu mövsüm Ali Sissoko, Jefren Suarez kimi futbolçuları böyük məbləğə transfer ediblər.
Tayland əsas liqasında oynamaq? Niyə mümkün olmasın? Özümü yaxşı tərəfdən göstərməyə çalışacam. Bu mövsüm vinger mövqeyində oynayacam. Əvvəllər də oynamışam, yaxşı alınır. Legioner limit az olduğundan asan deyil əsas liqada yer almaq. Orada yüksək səviyyəli legionerlər var, çox şey tələb olunur. Göründüyü qədər asan deyil.İlk hədəfim ikinci liqaya yüksəlməkdi, daha sonra görək də".
"Taylandda oynayaraq Azərbaycan millisinə cəlb oluna bilərsən?" sualına isə Məmmədin cavabı belə olub: "Asiyada oynamaq mənə çox maraqlıdı. Atmosferi bəyənirəm, futbola yanaşmalarını bəyənirəm.
Millidə oynamaq hər bir futbolçunun arzusudu. Əlbəttə ki, yüksək performans göstərəndən sonra niyə də milliyə dəvət etməsinlər? Asiyada oynamaq bir o qədər də asan deyil. Gərək lider olmağı bacarasan. Legioner kimi çıxış edirsənsə, yerli futbolçulardan üstün olmalısan. Burda da ən çox otələb olunur".