"Üçüncü liqada oynayaraq Azərbaycanın əsas millisinə dəvət almaq çətindi"

15:57 - 24 Avqust 2021

Azərbaycanın U-17, U-19 və U-21 yığma komandalarında çıxış etmiş, hazırda Türkiyə üçüncü liqasında çıxış edən “Bursa Yıldırım” klubunda oynayan Doğukan Öksüz Sportal.az saytına müsahibə verib. 22 yaşlı hücumçu karyerasını Azərbaycanda davam etdirmək istəyindən də danışıb:

- “Bursa Yıldırım”a yeni keçmisən. Türkiyədə işlərin necə gedir?
- Şükür Allaha işlərim yaxşı gedir. Bütün fikrim komandanın çıxışına yönəlib. Əlimdən gələni edirəm ki, komandaya xeyir verim.

- İndiyə kimi heç Azərbaycan klublarından təklif almısan? 
- Azərbaycandan heç bir təklif almamışam. Əlbəttə ki, təklif olsaydı, dəyərləndirərdim. Ancaq təklif olmadığına görə bir şey deyə bilmərəm. 

- Bəs Azərbaycanın hansı komandasında oynamaq istəyərdin?
- Bu barədə düşüncəm yoxdu. Hansı komandada oynamaq ehtimalım daha yüksək olarsa, həmin komandanı da seçərdim. Lakin indidən bir söz demək doğru olmaz. 

- Səncə, nəyə görə U-21 yığmasından sonra Azərbaycanın əsas millisinə cəlb edilməmisən? Türkiyə üçüncü liqasında oynayaraq, milliyə dəvət almaq çox çətindi?
- Elədi. Türkiyədə üçüncü liqada oynayaraq Azərbaycanın əsas millisinə dəvət almaq çətindi. 

- Bəs, özünü nə vaxt Azərbaycanın millisində görürsən?
- Azərbaycan millisi haqda həmişə düşünürəm. Təklif  gələ bilər. Ancaq Türkiyə 1-ci liqasında oynayacağım təqdirdə, Azərbaycan millisindən təklif gələ bilər. Ya da Azərbaycanda hansısa klubda oynayaramsa, dəvət olar. 

- U-17, U-19, U-21 yığmalarımızda oynamısan. Səncə, bu yığmalarda özün haqda necə fikir formalaşdırmısan?
- Oynadığım bütün yaş qruplarında komanda olaraq yaxşı performans göstərirdik. Mən özüm də yaxşı oynadığımı düşünürəm. Daima milli üçün əlimdən gələni edirdim.

- Yeri gəlmişkən, Bursanın digər və əsas təmsilçisi “Bursaspor” Azərbaycanın əsas milisinin üzvü Namik Ələsgərovla güclənib. Onun haqda hansı fikirdəsən?
- Namiki çox da izləməmişəm. Ancaq ümid edirəm ki, Namik “Bursaspor”a xeyir verər, uğurlu olar.

Xəbər xətti