"Səbail" səfərə getməyə avtobus tapmadı

13:41 - 4 Dekabr 2021

"Səbail"in aşağı yaşlılardan ibarət komandası dünən arzuolunmaz durumla üzləşib.

 

Sportal.az fanat.az-a istinadən xəbər verir ki, klubun U-15 komandası İmişliyə səfər ərəfəsində avtobus gözləsələr də, gəlib çıxmayıb.

 

Belədə yeniyetmə futbolçular oyuna valideynlərin şəxsi maşınları ilə yollanıblar. 

 

Faktı "Səbail"in rəqibi "Mil-Muğan"ın düşərgəsindən də təsdiqləyiblər: "Oyun saat 14:00-da başladı. Rəqib oyuna hardasa yarım saat qalmış gəlib çatdı. Artıq düşünməyə başlamışdıq ki, gəlməyəcəklər. Uşaqlar valideynlərin maşınına doluşub gəlmişdilər. Bizim kluba gəlincə, avtobusumuz var. Səfər oyunları zamanı heç bir problemlə qarşılaşmırıq. Klub uşaqlara hər cür şərait yaradıb".

 

Qeyd edək ki, "Mil-Muğan" - "Səbail" oyunu 0:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Bakılıların U-15 komandası problemlərə baxmayaraq, AFFA-nın keçirdiyi liqada məğlub olmayan iki komandadan biridir və hazırda 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti