"Səbail" Azərbaycan Premyer Liqasının 13-cü turu çərmivəsində səfərdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qonaqların məşqçisi Vüqar Məmməd jurnalistlərin suallarını cavablandırıb:
- Helikopter qəzasında şəhid olan hərbçilərimizə Allah rəhmət eləsin, yaralılara şəfa diləyirəm. Oyuna gəldikdə isə çox çətin oldu. Hər oyun bizim üçün çətin olur. İki fərqli hissə izlədik. İkinci hissədə həm sistemdə dəyişiklik etdik, həm də taktiki gedişlərə əl atdıq. Bu oyunu qələbəyə bərabər heç-heçə saymaq olar. Komandamızı təbrik edirəm. Futbolçular əzmkarlıq etdilər.
- İlk hissədə niyə taktiki dəyişiklik etmədiz?
- Biz hər oyuna itkilərlə hazırlaşırıq. Cəzalı və zədəli oyunçularımız var. Bu gün heyəti məcburi belə qurmuşduq. "Keşlə" meydan sahibidir, onlar öz meydanlarında yaxşı oynayır. Burada son çempion "Neftçi"yə qalib gəliblər. Ona görə də ilk hissəyə ehtiyatla başladıq. İkinci hissədə rəqibin azlıqda qalması da bizə kömək oldu. Bunun üzərində də taktiki gedişlərə əl atdıq. Sonda qələbə qazanmasaq da, istəyimizə nail olduq.
saytlarin hazirlanmasi