"Səbail"in futbolçusu: "Zirə ilə matçda qələbə üçün meydana çıxacağıq"

10:59 - 2 Fevral 2022

“Səbail” Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə” ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, “dənizçilər” bundan öncə iki dəfə bu rəqiblə qarşılaşıb və hər ikisində məğlub olub.

 

Bu komandalar arasındakı növbəti kubok mübarizəsi bu gün baş tutacaq. Matçdan öncə “Səbail”in futbolçuları Rahid Əmirquliyev, Rauf Əliyev, Ədilxan Qarəhmədov və Nikolas Raysel fikirlərini bölüşüb. Onlar klubun rəsmi saytına açıqlamasında bunları söyləyiblər:

 

Rahid Əmirquliyev: “Zirə” ilə Azərbaycan kubokunda iki dəfə qarşılaşmışıq və məğlub olmuşuq. Lakin xatırlayıram ki, ikinci qarşılaşmamızdakı məğlubiyyətdə hakim səhvi var idi. Bunlar artıq keçmişdə qalıb. “Zirə” qış fasiləsində daha da güclənib. Düşünürəm ki, qış fasiləsindəki hazırlıqda topladığımız güc sayəsində əzmkar mübarizə apararaq, növbəti mərhələyə keçən komanda biz olacağıq”.

 

Rauf Əliyev: “Oyuna ciddi hazırlaşmışıq. İstəyirik ki, Azərbaycan kubokunda daha da irəli mərhələlərə keçək. Buna “Zirə” ilə qarşılaşacağımız üçüncü oyunda nail olmaq və azarkeşlərimizi də sevindirmək istəyirik”.

 

Ədilxan Qarəhmədov: “Komandada əhval-ruhiyyə yaxşıdır. Hamı ciddi şəkildə bu oyuna hazırlaşır. Rəqibimizi tanıyırıq, necə oynadıqlarını bilirik. Hər şey özümüzdən asılıdır. Tək mən yox, bütün komanda olaraq, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk və cavab oyunlarının nəticəsində yarımfinala irəliləyəcəyimizə inanırıq. Qələbə üçün meydana çıxacağıq”.

 

Nikolas Raysel: “2022-ci ilin ilk oyununda “Zirə” ilə qarşılaşacağıq. Bundan əvvəlki qarşılaşmalardakı məğlubiyyəti unutmuşuq. Qış fasiləsindən sonrakı ilk oyuna hazırlıq prosesində komandadakı yüksək enerjini, əzmkarlığı hiss edirəm. Qalib gəlmək mövsümün sonunadək mübarizə aparmaq üçün bizi əlavə motivasiya edəcək. Özümə və komandama güvənirəm. Həm ilk oyuna, həm da cavab oyununa böyük əzmlə çıxacağıq”.

Xəbər xətti