"Səbail" Azərbaycan Premyer Liqasının 15-ci turunda doğma meydanda "Sumqayıt"la 1:1 hesablı heç heçə edib.
Sportal.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Çox maraqlı oyun alındı. İlk hissədə hər iki komanda dinamik idi. Gərgin mübarizə izlədik. Birinci hissəni aktivimizə yazmaq olar. Çünki daha çox hücumlar qurduq. Fasilədən sonra oyun bir qədər bərabərləşdi, bəzi epizodlarda rəqib üstünlüyü ələ aldı. Futbolçular üçün bir qədər çətindi. 4-5 itkimiz var idi və ehtiyatda olanlardan istifadə etdik. Buna baxmayaraq, xal qazanmaq istəyirdik. Qələbəyə layiq oynasaq da, yekunda 1 xalla kifayətləndik. Hər halda xal hesabımızı artırdıq. Belə görünür ki, çempionat gərgin davam edəcək. Bizim üçün çətin olsa da, mübarizə aparmağa çalışacağıq.
Bundan sonra üçün hədəflər? Mövsümün əvvəlindən bizdən böyük göləntilər yox idi. Digər komandalarla müqayisə edəndə yəqin ki, hamıya məlumdu, niyə. Buna baxmayaraq, oyunumuzla azarkeşləri sevindirmək istəyirik. Yerlilərə üstünlük veririk. Getdikcə gənclərdən daha çox istifadə edəcəyik. Qarşımızda avrokubok hədəfi qoyulmayıb. Amma idman prinsipləri baxımından hər oyunda belə mübarizə aparmağa çalışacağıq".