"Polşada yaxşı futbolçuya dəyər verirlər" - MÜSAHİBƏ

15:41 - 3 Mart 2022

Yunanıstanın "Olimpiakos"(Volos) klubuna keçidi gündəmdə olsa da, legioner limitinə görə orada qalmayan Nazim Bağırov 2 gün əvvəl Polşanın 3-cü liqa təmsilçisi "Podlasiye" klubu ilə anlaşıb. Sportal.az saytına müsahibə verən 22 yaşlı vinger Polşadakı məqsədlərindən söz açıb.

- Yeni klubuna keçidin necə baş tutdu?
- Əslində, başqa klubun düşərgəsindəydim. Hazırki komandama qarşı yoxlama oyunu oynayırdıq və oyunum da yaxşı alındı. Matçdan sonra hazırki klubumun baş məşqçisi mənə yaxınlaşdı və təklif etdi ki, müqaviləm yoxdursa onların komandasına keçim. Düşərgəsində olduğum klubla bir gün sonra müqavilə imzalamalıydım. Elə alındı ki, agentim klubla danışdı və razılaşdıq, “Podlasiye” klubuna keçdim.

- Komanda hazırda Polşa 3-cü liqasında 13-cü pillədədi. Bu klub və çempionat sənin üçün necə tramplin rolunu oynaya bilər?
- Avropa elədir ki, hər oyun bir şansdı. Elə bayaq sizə danışdım, adicə bir komandaya qarşı oynayırsan, yaxşı oynayırsansa, səni dərhal görürlər. Hansı məşqçi komandasında güclü futbolçunun oynamasını istəməz?Gələcəklə bağlı məsələlər isə təkliflərdən asılıdı. Əgər Polşadakı təkliflər yaxşı olacaqsa, niyə də qalıb burada oynamayım? Ancaq məqsədim daha yuxarı liqalarda çıxış etməkdi.

- Maliyyə sarıdan klubun durumu necədi? Sənə etdikləri təklif normaldı, yoxsa oynamaq və klubsuz qalmamaq xətrinə bu klubdasan?
- Yox, hər şey yaxşıdı. Qidalanmağımı qarşılayırlar, evlə də təmin ediblər. Maaşım da normaldı. Burada yaxşı futbolçuya dəyər verirlər.

- Debütün nə vaxt olacaq? Baş məşqçinin səninlə söhbəti olbu?
- Gəldiyim gün baş məşqçi məni kollektivlə tanış etdi. Uşaqlar da alqışlarla qarşıladı məni. Yəni, komanda məni yaxşı qarşılayıb. Oyunlar 12-də olacaq. Amma mən oturum vizası almalıyam. Əgər komanda oyuna kimi bunu çatdıra bilsə, oynayacam. Alınmasa, həmin sənədəin hazır olmasını gözləyəcəm.

- Kollektivdə hansı dildə danışırsan? Sənin üçün ünsiyyət çətinliyi var?
- İngilis dilində danışa bilirəm. Rus dilində də danışa bildiyim üçün polyak dilini də az-çox başa düşə bilirəm. Çünki əksər sözlər bir-birinə oxşayır.

- Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra Polşaya sığınan ukraynalılar az olmadı. Sənin yaşadığın şəhər də Ukrayna sərhədinə hardasa yaxındı. Bu mənada, şəhərdə sıxlıq var?
- Xeyr, burada elə problem yaşamırıq. Çox sakit şəhərdi. Bütün fikrimi də komandanın məşqlərinə yönəltmişəm.

Xəbər xətti