"Səbail" Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Neftçi"yə 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb:
- İlk olaraq onu deyim ki, rəqiblə müqayisədə bir gün az dincəlmişdik. Futbolçular meydanda dediyimiz tapşırıqları maksimum düzgün yerinə yetirməyə çalışırdılar. Oyunun sonlarında buraxdığımız fərdi səhvlər rəqibin meydandan qələbə ilə ayrılmağına səbəb oldu. Bu oyunun bizim üçün asan keçməyəcəyini bilirdik. Son zamanlar yaxşı formada olan komandaya qarşı oynayırdıq. Bu il həqiqətən də fərqli "Neftçi" izləyirik. Ötən mövsümlə müqayisədə meydanda daha intizamlı "Neftçi" görünür. Öz oyunumuz haqda onu deyə bilərəm ki, ilk hissədə hər iki komanda ehtiyatlı davranırdı. Qapılar qarşısında ciddi epizodlar olmadı. Amma ikinci hissədə "Neftçi" hücumda təzyiqi artırdı. Rəqib təzyiqi artırdıqdan sonra müdafiədə fərdi səhvlərimiz çoxalmağa başladı. Düşünürəm ki, bunlar oyunun nəticəsinə təsir edən amillər idi. Heyətimizdə də bir qədər dəyişiklik etmişdik. Bu gün meydandan bir xalla ayrılmaq istəyirdik. Bu gün futbolçuların meydanda sona kimi mübarizə aparmaq istəyi bizi olduqca qane etdi. Oyundan oyuna bu istək daha da artır. Hər kəs başa düşür ki, daha yaxşı mövqeyə yalnız əzmkarlıqla qalxa bilərik. Ustalıq baxımından rəqiblərdən geri qalsaq da, bu gün "Neftçi" asan qələbə qazanmadı. Hər oyun rəqiblərə müqavimət göstərməyə çalışacağıq. "Neftçi"ni təbrik edirəm, uğurlar arzulayıram.
- Yeni mövsümdə komandanın daha iddialı olacağı deyilir. Sizin hansı hədəfləriniz var?
- İddia barədə nəsə danışmaq üçün hələ tezdir. Ancaq bir hərəkət var, doğru qeyd edirsiz. Görüşlər olub, komanda ilə yaxından maraqlanmaq daha da artıb. Bu görüşlər olacaq, tez-tez görüşəcəyik. Növbəti mövsümə daha yaxşı "Səbail" hazırlamaq üçün həm rəhbərlik, həm də biz əlimizdən gələni edəcəyik. Yeni mövsümün planları ilə bağlı indi dəqiq nəsə demək olmaz. Amma hazırda bir istək, hərəkət var. Klubun gələcəyi, daha yaxşı heyətin formalaşması üçün hər kəs bu istiqamətdə səfərbər olacaq.
- Mediada xəbər yayılmışdı ki, "Səbail"in futbolçuları ot örtüyünün durumuna görə "ASCO Arena"da məşq etmək istəmir. Bu doğrudur?
- Etiraz deməzdim. Tək "Səbail"in futbolçuları yox, bütün futbol ictimaiyyəti bu stadiondan narazılığını bildirib. Ən çox əziyyət çəkən də bizim futbolçulardır. Göz görə-görə onları istismar etmək istəmirik. Futbolçuların sağlığı daha önəmlidir. Gənc olyunçular var ki, zədələnirlər. Onların gələcəyini düşünmək lazımdır. Sağolsunlar ki, bizə Bakı Olimpiya Stadionunda məşq etməyə şərait yaratdılar.
Elçin Əlixan
saytlarin hazirlanmasi