Aftandil Hacıyev: "Düşdüyümüz vəziyyyətdən çıxmağa çalışacağıq"

19:24 - 12 Mart 2022

"Səbail" Azərbaycan Premyer Liqasının 19-cu turunun oyununda doğma meydanda "Keşlə"yə 0:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqda çox geniş fikir bildirmək istəmirəm. Rəqibdən zəif çıxış etdik. Səbəbləri haqda qısa deyim ki, bu gün meydanda daha istəkli "Keşlə" var idi. Təəssüflər olsun ki, düşündüklərimizi meydanda icra etmək çox çətn oldu. İlk hissədə erkən buraxdığımız qollar oldu. Sonradan isə oyunun gedişatını dəyişmək üçün futbolçularda psixoloji olaraq güc çatmadı. "Keşlə" daha istəkli və oyuna nəzarət edən tərəf idi. Bizim üçün oyundan-oyuna optimal heyəti təyin etmək çətindi. Qışdan sonra zədəlilərimiz kifayət qədər oldu. Sağalıb, qayıdanlar var. Qalib gəlmək istəsək də, bu, olmadı. Hələ kifayət qədər oyun var. Düşdüyümüz vəziyyyətdən çıxmağa çalışacağıq. Bütün hallarda çempionatın əvvəlindən durumumuz bəlli idi. Əgər bu gün biz hər mövqedə istədiyimiz rəqabəti yaratmağa çətinlik çəkiriksə, təbii ki, istədiyimiz nəticəni əldə etmək çətin olacaq. Bunu əvvəlcədən bilirdik. Amma bu oyun bir neçə futbolçu üçün siqnal idi. Əgər, gələn mövsüm üçün bu klubda qalmaq istəkləri varsa, özlərini yaxşı tərəfdən göstərməlidilər. Bu oyunu tez bir zamanda unudaraq növbəti oyuna hazırlaşmaq qalır bizə. "Keşlə"ni təbrik edirəm.

- Camal Araqo və Rauf Əliyev kimi oyunçuları oynatmaqdansa, gənc oyunçulara şans vermək, onları gənclərlə əvəzləmək daha doğru olmazdı?
- Dəyişmək deyəndə, keçən il heç bizim əvəzedici heyətimiz olmayıb. Yeni əvəzedici heyət formalaşdırmışıq. Hansı durumda əvəzedici heyət formalaşdırdığımızı bilsəz, sualınıza da cavab tapacaqsınız. Biz həqiqətən də klubu ayaqda saxlamaq üçün hansı çətinliklərdən keçmişik. Transfer dövrü də deyil ki, kimisə də komandaya cəlb edəsən. Hər yay və qış transfer dövründə bizdə rəqiblərlə müqayisədə problemlər olub. Gənc futbolçu deyirsiz, bu dəqiqə bizdə elə gənc futbolçu yoxdu. Var idi, Turan Manafov. Onun gedişi üçün özümüz dəstək verdik ki, gəncdi, yerlidi. Gələcəyi, inkişafı üçün "Səbail"in maraqlarını arxa plana atdıq. Bu gün qarşımıza qoyulan məqsəd o idi ki, daha çox yerli futbolçular oynasın. Biz də çalışırıq ki, onları oynadaq. 3-4 legionerimiz var. Digər klublarımızın legionerlərilə müqayisədə bəlkə keyfiyyət fərqi hiss oluna bilər. Amma elə mövqelər var ki, yerli futbolçu tapmaq belə çətindi. Bu gün mənə 3 yerli futbolçu deyin ki, mərkəz müdafiəçiləridi və kənarda qalıblar. Biz də onları dəvət edək. Heç 3 demirəm, ikisinin adını çəkin. Adil Nağıyev var, ikisinin də adını siz çəkin ki, komandamıza cəlb edə bilək. İnanmıram ki, çəkə bilərsiz. Komandanı elə-belə formalaşdırmamışıq. Hansı mövqeyə legioner gətirməli olduğumuzu yaxşı bilirik. Camal Araqo da komandaya dəvət olunanda, yerli futbolçu cəlb edə bilməyəcəyimiz, boşluq olan mövqe üçün gətirmişik. Gələcəkdə "Səbail" durumu yaxşılaşdırıb, rəqabəti artırmaq istəsə, işimizi də həmin istiqamətdə qura bilərik. Amma ona qədər əlimizi yanımıza salmaq istəmirik. Bu günki məğlubiyyət bizə heç də xoş olmadı. Ən azından meydanda rəqibə əzmkarlıq sarıdan uduzmamalı idik. Amma "Keşlə"nin bizi bu sarıdan üstələməyi bizim üçün xoş olmadı. 

- Ötən həftə Əfran İsmayılovun məlum videosu bəziləri tərəfindən qınanıldı. Bu gün İsmayılov heyətdə yox idi. Bunun səbəbi nədi? 
- Video ilə bağlı onu deyə bilərəm ki, neqativ və pozitiv yanaşanlar oldu. Futbolun içində olan şeylərdi. Bu haqda fikir bildirmək istəmirəm. Əfran İsmayılov və Rauf Əliyevlə uşaqlıqdan birlikdə oynayan, münasibəti olan oyunçulardı, zarafatları ola bilər. Sadəcə olaraq, bunun mediaya yansıması bir qədər müzakirəyə səbəb olur. Əfran zədəlidi, dünəndən məşqlərə başlayıb. 2 həftə idi ki, müalicə olunurdu. Bundan sonra yavaş-yavaş məşqlərə qoşulmalıdı. 

 

Elçin Əlixan

Xəbər xətti