"Səbail" Azərbaycan Premyer Liqasının 21-ci turunun oyununda səfərdə "Qarabağ"a 1:5 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb:
- Oyundan əvvəl etdiyimiz təhlillərə görə bilirdik ki, bizi ağır oyun gözləyir. İkinci dövrədə "Qarabağ"ı məğlub etdiyimiz oyunla hazırkı komanda arasında çox böyük fərq var. Onda bizim durumumuz yaxşı idi. Zədəli, cəzalı oyunçularımız var. Ən azından rəqibə çətin anlar yaşatmaq istəyirdik. Buraxdığımız erkən qol futbolçuları həvəsdən saldı. Bu da böyükhesablı məğlubiyyətə gətirib çıxardı. İki komandanı müqayisə etmək sadəlövhlük olardı. Amma bunlar bəhanə deyil. Bizi düşündürən "Səbail"in növbəti mövsümə daha yaxşı hazırlaşmasıdır. Heyətdə dəyişilliklər edirik. Hər kəsi meydanda görmək istəyirik. Bu gün də öz yetirməmiz olan Zeynəddin Abdurahmanovu meydana buraxdıq. Qələbə qazana bilməməyimiz bizi məyus edir. Amma qarşıda hələ bir dövrə var. Ən yaxın olan rəqibimiz "Sumqayıt"dır Çalışacağıq ki, rəqibdən gerid qalmayaq. Ən azından sonuncu pillədən qurtulmaq üçün çalışacağıq. Rəqibi də təbrik edirəm. "Qarabağ" hazırda ən yaxşı formada olan komandadır.
- Milli komandaya "Səbail"dən heç kəs dəvət olunmamışdı. Bu barədə nə düşünürsüz?
- Milli komandanın əksəriyyəti ilk dördlükdə olan klubların futbolçularından təşkil olunub. Aşağı pillələrdə gedən komandaların futbolçularına diqqətin az olmağı normaldır. Millidə yerli futbolçuların çoxluq təşkil etməsini istəyərdim.
- Turan Manafovun Yunanıstan klubu ilə problemləri var. Özü ilə danışmısız? Yenidən komandaya qaytarmaq fikriniz var?
- Turanın klubu ilə problemlər yaşadığını bilirəm. Bizim qorxduğumuz da bu idi. Gedəndə özünə də demişdim ki, bizim Premyer Liqanın reytinqi Yunanıstan II Liqasından daha üstündür. Amma israr etdiyinə görə onun getməyinə şərait yaratdıq. Bu gün Turana bizim komandanın daha çox ehtiyacı var idi. Onun gedişindən sonra axtarışdayıq. Gənc futbolçudur, getmək istədi. Yaxşı ki, icarə əsasında gedib Yunanıstan klubuna. Yəqin ki, geri dönəcək.
- Növbəti mövsümün büdcəsi ilə bağlı dəqiqləşmə var?
- Komandanı indi gücləndirmək istəyi olsa da, indi bu mümkünsüz görünür. Amma növbəti mövsüm üçün daha yaxşı komanda formalaşdırmaqla bağlı müzakirələr olub. Yaxın vaxtlarda konkret məsələlər haqda danışa bilərik.
Elçin Əlixan
saytlarin hazirlanmasi