Son olaraq “Keşlə”də oynamış və aktiv futbolçu karyerasını başa vuran Nicat Qurbanov “Beşiktaş”ın Bakıda yerləşən uşaq futbol məktəbində çalışmağa başlayıb.
Sportal.az xəbər verir ki, Qurbanov Türkiyəyə yollanaraq, “Beşiktaş”ın uşaq futbol məktəbləri arasında keçirilən toplanışında iştirak edib. O, Türkiyə səfəri haqda saytımıza danışıb:
“Beşiktaş” futbol məktəbləri arasında kamp keçirildi. Biz də 4 yaş qrupu ilə iştirak eetdik. Dörd qrupumuzdan üçü medalçılar sırasına düşdü. Bu kampın əsas məqsədi “Beşiktaş” futbol akademiyası üçün seçimlər etmək idi. Bizdən də seçilənlər oldu. Mayda İstanbulda ikinci seçimlər olacaq. Oraya seçilən futbolçular gedəcək. Həmin vaxtı da bəyənilsələr, artıq müqavilə imzalanılacaq və futbolçu akademiyada qalacaq”.
Gənc məşqçi “Qarabağ”da çalışmış, “Beşiktaş”ın sabiq baş məşqçisi Önder Karaveli ilə görüşdən də söhbət açıb: “Kampın qonaqlarından biri də Önder Karaveli idi. Kadır hoca onu tanıyırdı. Yaxınlaşdıq, danışdıq. Azərbaycandan da kampda iştirak edənlərin olmasına görə şad olduğunu bildirdi. Söhbətimiz qısa çəkdi. Çünki vaxtı az idi, ayaqüstü danışdıq. Xatirə fotosu çəkdirdik, daha sonra sağollaşdıq”.
“Məqsəd və hədəflər var. Amma bu mərhələni keçməliyəm. Özümü böyük futbolda görmək istəyirəm. Lakin uşaq futbolunda işləyib, təcrübə qaznamaq lazımdı. Uşaqlarla işləmək, onların psixologiyasını da bilmək vacibdi. Ümid edirəm ki, gələcəkdə hər şey daha yaxşı olacaq” - deyə, Nicat Qurbanov fikirlərini yekunlaşdırıb.