"Səbail" Azərbaycan Premyer Liqasının 23-cü turunun oyununda səfərdə "Zirə"yə 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün çox maraqlı oyunun şahidi olduq. Hər iki komandanın ifasında bol hücumlar izlədik, qapılar qarşısında kifayət qədər epizodlar yarandı. Birinci hissənin ilk 15 dəqiqə oyuna yaxşı başlaya bilmədik. Daha sonra öz oyunumuzu tapmağa çalışdıq və tapdıq. Elmir Tağıyev təkbətək iki qol epizodu yaxaladı. Həmin epizodlardan yararlansaydı, oyun tam fərqli məcrada gedə bilərdi. Daha sonra rəqibin fərdi ustalığı yaxşı olan futbolçusu Hamidu Keyta ardıcıl iki epizodu dəyərləndirdi. Hesab futbolçularda inamsızlıq yaratsa da, çalışdıq ki, bunu aradan qaldırıb fasildə onlara yenidən inam verək. İkinci hissədə üstün oynamağı bacardıq, daha çox hücumda olduq, qol epizodları yaratmağa çalışdıq. Qolu tez vura bilsəydik, oyunun taleyi başqa cür ola bilərdi. Amma olmadı. Bu gün futbolçularımdan razı qaldım. "Qəbələ" ilə matçdakı oyunun ardını gətirməyə çalışdılar. Meydandan xalla ayrıla bilməsək də, belə oyunlar gənc futbolçular üçün qiymətsizdir, təcrübə toplayırlar, ustalıqlarını artırırlar. Çempionatın bitməsinə 5 tur qalıb. Bu oyunumuzun davamını gətirib xallar qazanmaq istəyirik. Mövqeyimiz bizi qane etməsə də, oyunumuz qane edir. Hamımız istəyirik ki, həm yaxşı oyun göstərək, həm nəticə əldə edək. "Zirə"ni təbrik edirəm, vacib 3 xal qazandılar.
- Rahid Əmirquliyev xeyli vaxtdır start heyətdə meydana çıxmır. Bunun səbəbi nədir?
- Bir az dəyişikliklər etmək istədik. Gənc futbolçuları meydanda daha çox görmək istəyirik. Son oyunda qələbə qazandığımız heyətdə böyük dəyişikliklər etmək istəmədik. Rahid bizim kapitanımız, ən təcrübəli futbolçumuzdur. Meydanda olmasa da, kənardan futbolçulara dəstəyini göstərir.
Elçin Əlixan
saytlarin hazirlanmasi