"Qarabağ"ın ÇL-in qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün fantastika olardı" - MÜSAHİBƏ

15:48 - 19 Avqust 2022

"Tottenhem"in yetirməsi olan Natan Oduva hazırda "Turan Tovuz"un uğurları üçün çalışır. Qərb təmsilçisinin 26 yaşlı futbolçusu Premyer Liqanın ikinci turunun "Səbail"lə görüşündə komandasının yeganə qolunu vuraraq üç xalın səbəbkarı oldu. Sportal.az saytına müsahibə verən Oduva Azərbaycandakı hədəflərindən danışıb.

- Premyer Liqanın ikinci turunun "Səbail"lə görüşündə qol vuraraq "Turan Tovuz"a qələbə qazandırdın. Həmin görüş sənin üçün necə alındı?
Fikrimcə, "Səbail" yaxşı oynadığına görə matç bizim üçün çətin oldu. Amma biz komanda olaraq yaxşı müdafiə olunduq. Qol vurmağım üçün fürsətim oldu. Xoşbəxtlikdən onu da dəyərləndirdim.

- Azərbaycanda qol hesabını açdın. Davamını gətirə biləcəksən?
- Qol vurmaq gözəl hissdir. Amma mənim üçün komandanın qələbəsi daha önəmlidi. Hər zaman da bu haqda düşünürəm. Əgər başqası qol vursa, biz qalib gəlsək, eyni dərəcədə xoşbəxt olardım.

- Artıq ikinci mövsümdür ki, Azərbaycanda oynayırsan. Burada sənin üçün maraqlı, qəribə gələn nədir? 
- Azərbaycandakı ilk mövsümümdə Bakıda yaşamışam. Bakı Londondan fərqlidir, amma yaxşı şəhərdir. İndi ikinci mövsümümdə kiçik bir şəhər olan Tovuzda yaşayıram və Londondan da, Bakıdan da tamamilə fərqlidir. Amma buradakı insanlar mənim üçün hər şeyi asanlaşdırdılar. Bu, diqqətimi yalnız futbola yönəltməyimə imkan verir. Tovuz böyük şəhərlərlə müqayisədə diqqətini yalnız futbola yönəltməyin üçün yaxşıdı. Məncə, Azərbaycan çempionatı taktiki-texniki yox, daha çox fiziki göstəriləcərə əsaslanır. Bu mövsüm çempionata daha iki komanda cəlb edilib deyə, liqanın daha güclü olacağını düşünürəm və oyunlar da çoxdu.

- "Turan Tovuz"da neçə qol vura biləcəyini ehtimal edirsən? 
- Fərdi statistika haqda düşünmürəm. Əsas diqqətimi "Turan Tovuz"dakı çıxışıma yönəltmişəm. Bu komanda üçün 100 faizi verəcəm. Gələcək haqqında düşünmürəm, yalnız bugünü düşünürəm. Hazırda "Turan Tovuz"un oyunçusuyam və bu, yalnız diqqətimi yönəltdiyim komandadır.

- Londonda doğulan Oduvanın Tovuzda necə yaşadığı çoxları üçün maraqlandırır. Həqiqətən, necə oldu ki, Tovuzda qalıb "Turan Tovuz"da oynamağa razılaşdın?
- Bu oyunun gözəl cəhəti də budur ki, sizi bütün dünyanı gəzdirir. Tovuza gəlməyimdə məşqçinin böyük təsiri oldu. O, ağıllı, iddialı və hamıya hörmətlə yanaşan yaxşı insandır. Oyunçu, təmizlikçi və ya aşpaz olmağınızın fərqi yoxdur, o, hamıya eyni yanaşır. Bu, yaxşı komanda mühitini qurmaq növüdür. Özüm də bunun bir hissəsi olmaq istədim.

- "Turan Tovuz" Azərbaycan çempionatında hansı nəticəni göstərə biləcək? 
- Mövsüm uzundu. Bilirik ki, bu uzun yolda enişlər, yüksəlişlər olacaq. Lakin dediyim kimi, biz nəzarət edə biləcəyimiz şeylərə diqqət yetiririk və gələcəklə bağlı proqnoz etmirik. Ayaqlarımız üzərində inamlı daynamaq istəyirik.

- "Tottenhem", "Reyncers" kimi klublarda oynamısan. Necə oldu ki, sonradan karyerada eniş yaşandı?
- Futbolçuların karyerasına təsir edə biləcək bir çox amillər var. Lakin mən bunun təfərrüatlarına girməyəcəm. Bəzən sadəcə keçmişdə yaşadığınız anları və xatirələri dəyərləndirib onları orada tərk etməlisiniz. Daha önəmlisi karyeranıza necə başladığınız deyil, onu necə bitirdiyiniz və heç vaxt təslim olmamağınızdır. Çünki həyatda pozitiv və mənfi məqamların olması normaldı.

- Əslində, komanda bu gün “Qarabağ”la qarşılaşmalı idi. Lakin onların avrokuboklarda oyunları olacağına görə matç təxirə salındı. "Qarabağ" barədə fikrin necədi və səncə, bu komanda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcək?
- “Qarabağ”ın çox yaxşı komanda olduğunu düşünürəm. Onların Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şanslarının yüksək olduğu fikrindəyəm. "Qarabağ" bunu edərsə, Azərbaycan futbolu üçün fantastika olardı. Səfər oyununda “Qarabağ”a uğurlar arzulayıram.


Mirbağırağa


 

Xəbər xətti