"Mənim üçün ən yaddaqalan oyunlardan biri İranda olub, uzun illər idi ki, ölkəmizə medal gəlmirdi" - MÜSAHİBƏ

17:09 - 2 Oktyabr 2022

Ölkəmizdə insanlar arasında marağa səbəb olan idman növlərindən biri də badmintondu. Badminton idman növü tennisə bənzəyir və 1992-ci ildən Olimpiya idman növü hesab olunur. Badminton adı İngiltərənin Badminton şəhərinin adından götürülüb. Bu idman növü qədim Malayyada yaranmış, sonralar Asiyanın başqa ölkələrinə yayılmışdır. İlk dəfə 1873-ci ildə İngiltərənin Badminton şəhərində Hindistandan qayıtmış ingilislər tərəfindən nümayiş etdirilib.


Azərbaycanda isə Badminton Federasiyası 1962-ci ildə Bakı şəhərində yaradılıb, 1996-cı ildə yenidən təsis edilib. 1998-ci ildən Beynəlxalq Badminton Federasiyasının (İBF) və Avropa Badminton Federasiyasının (EBF) üzvüdür. 1962-ci ildə Bakı şəhərində ilk badminton yarışları və çempionat, 1963-cü ildə Azərbaycan birinciliyi keçiriib.

Ölkəmizdə tanınmış badmintonçulardan biri Qələndərov Orxandı. 1988-ci il təvəllüdlü idmançı millimizin kapitanıdı. “Volan Badminton Klubu"nun təsisçisi olan Qələndərov burada məşqçi kimi də fəaliyyət göstərir. Dəfələrlə Azərbaycan çempionu olmuş idmançımız, xaricdə də ölkəmizi təmsil edib mükafatçılar sırasına düşə bilib. Yaxın günlərdə aktiv badmintonçu karyerasını başa vuracaq Qələndərov fəaliyyətinə məşqçi kimi davam edəcək.

- Badmintonla nə vaxtdan məşğul olmağa başlamısınız?
Çox gec başlamışam. 13 yaşında Ceyhun Məmmədəliyevin rəhbərliyi altında 286 nömrəli məktəbdə məşğələlərə başladım. Artıq üç ildən sonra şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qızıl medallara sahib çıxmışdım. Təbii ki, öz yaşıdlarım arasında bunu qazanmışdım.


 

- Uzun illərdir ki, Azərbaycan millisinin üzvü və kapitanısınız. Geridə qalan illərdə sizin üçün daha çox hansı matç, hansı turnir yaddaqalandır?
- Mənim üçün yaddaqalan, ən vacib oyunlardan, turnirlərdən biri 2010-cu ildə İranda olub. Həmin vaxtı bürünc medal qazanmışdıq. Bu, tarixi qələbə idi. Çünki uzun illər idi badminton idman növündən Azərbaycana medal gəlmirdi.
 
- Bakıda keçirilmiş Avropa oyunlarının da iştirakçısınız. Beynəlxalq görüşlərdə badminton yığmamızın daha çox hansı uğuru var?
- Avropa oyunlarında qoşa yarışlarda çıxış etmişdik. Beynəlxalq arenalarda hazırda Edi Reski adlı idmançımız mübarizə aparır. O, aparıcı oyunçumuzdur. Tokyoda keçirilən Olimpiya oyunlarına lisenziya qazanmışdı. Parisdə keçiriləcək Olimpiya oyunlarına da lisenziya qazanmaq üçün turnirlərdə iştirak edir. Artıq yerli uşaqlarımız fərqlənməyə başlayıb. Gənclərimiz Avropada nailiyyətlər qazanır. Bu yaxınlarda paralimpiyaçımız Uqandada keçirilən turnirdə bürünc medal qazandı.



- Hazırda özünüz də məşqçi kimi fəaliyyət göstərirsiniz. "Volan" klubunu yaratmaq fikrinə necə gəldiniz?
Bəli, "Volan" badminton klubu mənimdi, 5 il öncə yaratmışam. Bu, Azərbaycanın ilk badminton klubudu. Artıq tələbələrimiz də ölkə çempionatında uğurlar qazanır. Onlar arasında 2011-ci il təvəllüdlü Fərəci qeyd edə bilərəm. Öz yaşının ən yaxşısıdı. Klubu yaratmaq fikrinə gəlincə, belə plan hər zaman var idi. Avropa və dünyanı gəzdikcə görürdük ki, hər yerdə klublar, klublar üzrə yarışmalar, liqalar keçirilir. Biz də onları Azərbaycanda tətbiq etmək istədik. Bunları da biz yaratmalıydıq. Həvəskarlar arasında yarışlar da təşkil edirik. Həvəskarlar liqasını qurmaq üzrəyik. Çalışmalar gedir. 



- Badmintonla peşəkar səviyyədə məşğul olmaq sizə nə qazandırıb? Daim bu idman növü ilə məşğul olmusuz, yoxsa başqa işiniz də var idi?

- Hər zaman başqa işim də olub. Amma badmintonla da məşğul olmuşam. Çünki bizim dövrümüz çətin idi. Həmin illərdə maddi durumumuzu da yaxşılaşdırmaq üçün çalışırdıq.
 


- Badmintona maraq ölkəmizdə hansı səviyyədədi və bu idmanla məşğul olmaq insanlara nə qazandırır?
- Badminton dünyanın ən elit, gözəl və təhlükəsiz idman növlərindən biridi. Mütləq şəkildə də inkişaf edəcək. İnsanlar həvəskar səviyyədə məşğul olurlar. Valideynlər də qızlarını rahat olaraq yazdıra bilirlər badmintona.  Bu, bizə dünyanı gəzmək, fərqli qitələrdə, ölkələrdə olmaq şansı yaradır. Avropanın əksər şəhərlərini gəzmişik. Elə şəhərlər var ki, ora 10-15 dəfə səfər etmişik. Badmintonda aqressiya yoxdu, təhlükəsiz idmandı. Daim düşünmək lazımdı. Cəldlik, sürət, dinamika istəyən insanlar üçün badminton möhtəşəm idman növüdü. Üstəlik, badminton dünyanın ən sürətli idman oyunu hesab olunur. Dünyanın ən sürətli topu da volandı. Son dünya rekordu da 493-dü. İkinci belə top yoxdu. İnsan bunlara refleks verməli və bu topları ideal formada əks tərəfə qaytarmalıdı. Eyni zamanda badminton Olimpiya idman növüdü. Gələcəkdə Olimpiya oyunlarında ölkəmizi təmsil etmək şansı da yarana bilər. Avropa və Asiyada o qədər beynəlxalq yarışlar keçirilir ki. İnsanlar badmintonu seçərsə, dünyanın bütün qitələrinə səfər etmək şansı qazana bilər. Badminton günü-gündən inkişaf inkişaf edir. Artıq mükafat fondu milyon olan turnirlər yaranıb.

 

- Badmintonda daha çox hegemonluq edən asiyalılardı...
- Bəzən belə düşünülür ki, badminton Asiyaya xas idman növüdü və avropalılar burada fərqlənə bilməz. Son illərdə isə avropalılar hegemonluq edir. Danimarka elə buna böyük örnəkdir. Olimpiya oyunlarında kişilərdə danimarkalı, qızlarda isə ispaniyalı çempionluq qazanıb. Çində görün nə qədər insan yaşayır. Biri var 500 milyon insanın arasından idmançı seçəsən, biri də var, 500 nəfərin. Doğrudu, burada da yaxşı idmançılar var. Amma son illərdə Yaponiya və Avropa ölkələrindən yaxşı idmançılar çıxır. 




- Gələcəkdə azərbaycanlı badmintonçular arasında Avropa, dünya çempionlarını görmək mümkündü?
- Bunun üçün Azərbaycanda badminton daha da populyarlaşmalıdı. Minlərlə insan badmintonla məşğul olmalıdı, akademiyalar qurulmalı, uşaq idman məktəbləri yüksək səviyyəyə çatmalıdı. Bizim üzərimizə düşən də dünyada olan yenilikləri uşaqlara çatdırmaqdı. Məşq prosseslərini deyirəm. İdmanda bilgilər daim yenilənir. Bizim uşaqlar artıq Avropa yarışlarında fərqlənirlər. Davamlı olaraq, yarışın içində olmalıdılar. Federasiya uşaqları yarışlara göndərir. Hazırda milli komandamıza da Morteza Validarvi rəhbərlik edir. Böyük təcrübəyə malikdi. .

 

- Bütün bunları federasiya ilə birgə həyata keçirirsiz? Sizcə, perspektiv var?
-
Bilirsiz, 31 ildir ki, müstəqillik qazanmış ölkəyik. Demək olar ki, çoxdan qalan sistem yenisi ilə əvəz olunur. Bunun üçün bizə uzun illər lazımdı. Populyarlıq qazanmalıyıq. Məktəblər, akademiyalar yaranamlıdı.  Federasiyamız badmintonun populyarlığı üçün hər yerdə yarışlar, tədbirlər keçirir. Bu yaxınlarda həvəskarlar arasında yarış baş tutdu. 60-dan çox insan gəlmişdi. Azərbaycan çempionatı keçirilməlidi, yarışlar canlı yayımlanmalıdı. Yerli idmançılarımızın tamaşaçıları əmələ gəlməlidi. Bütün bölgələrdə yavaş-yavaş inkişaf başlamalıdı. Hazırda Gəncə, Qusar, Sumqayıt, Lənkəranda keçirilir yarışlar. Bütün bölgələrdə olmalıdı. Federasiyamızın da bu barədə çalışmaları olacaq. Daha çox yerdə badminton yarışları həyata keçiriləcək. Bu formada davam etmək lazımdı. İlkin olaraq kütləvilik olmalıdı, inkişaf istər-istəməz yaranacaq.


 
- Sizin özünüz kütləvilik üçün hansı addımları atırsınız?
- Bizim üzərimizə düşən həvəskarlarla çalışmaqdı. Gecə-gündüz reklamlarımız gedir sosial mediada, insanları cəlb edirik, həvəsləndirici yarışlar keçiririk. Hətta sponsorlar tapırıq, insanlara hədiyyələr veririk. Bütün işlərdə də Azərbaycan Badminton Federasiyası bizi dəstəkləyir, yanımızdadı. Komanda şəklində hərəkət edirik. Çalışırıq ki, badmintonu ölkəmizdə daha da populyarlaşdıraq, insanları cəlb edək.

 

Mirbağırağa Cəfərli
 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XIV


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 



 

Xəbər xətti