Millimizin sabiq üzvü Ceyhun Sultanov Sportal.az saytına açıqlama verib. O, yığmamızın DÇ-2026-nın seçmə mərhələsindəki Fransa və Ukrayna ilə görüşlərinə münasibət bildirib:
"Fransa ilə matça baxdım. Həmin görüşdə bizim qalib gəlmək və ya xal götürmək şansımız yox idi. Özümüz görürdük ki, komandamız müdafiə olunmaqdan başqa heç nə edə bilmirdi. Bu da onların aqressiv olması, imkan verməməsi...Bizim oradan xalla çıxmağımız qeyri-mümkün idi. Fransada maksimum edəcəyimiz nə var idisə, onu etməyə çalışdıq. Oyundan öncə şəxsən mən hesabın 3:0 olacağını tanış insanlarla söhbətimdə demişdim. Çünki komandamız müdafiə olunmağı bacarır. Ayxan Abbasov bunu yaxşı bacarır. İnanmırdım ki, həmin görüşdə 10:0 təkrarlansın. Ümumi götürəndə, düzdü fransızlar qol imkanlarından istifadə etmədilər. Lakin komandamız maksimumunu oynamağa çalışdı.
Ukrayna ilə görüş isə Fransa ilə matçdan da ağır olacaq. Bu tsikldə, bu cür rəqiblərə qarşı bir oyun stili var ki, o da qapalı futbol və rəqibi əks-hücumda tutmaqdır. Ukraynaya qarşı da bu cür futbol oynamalıyıq. Bakıda onlarla 1:1 oynamışıq. Amma düşünün ki, Ukrayna millisi daha diqqətli oynayacaq və Bakıda buraxdığı səhvləri daha təkrarlamayacaq. Onlara xal lazım olduğu üçün qapımıza çox təzyiq edəcəklər. Mənə görə Ukrayna oyunu Fransa ilə oyundan da çətin olacaq.
Ayxan Abbasovun gəlişindən sonra komandamız sistemli şəkildə müdafiə olunmağı bacarır. Bunu edə bilib. Uğur qazanacaq məsələsinə gəlincə, belə sistemlə uğur nəyə deyilir... Hə, hansısa komandalardan xal ala biləcəyik. Amma tam olaraq qrupdan çıxmaq üçün sistemdən də çox, futbolçu keyfiyyəti var, onu yüksəltmək lazımdır. Mənə görə, bugünkü gündə millimizin oynayacağı futbol budur. Bu cür rəqiblərlə açıq futbol oynamaq qeyri-mümkündür".
saytlarin hazirlanmasi