"Uşaq futbolunda istedadları məhv edirlər" - Məşqçi harayı

14:23 - 18 Noyabr 2022

“Uşaq futbolunda istedadlı azyaşlılar məhv olur. Onlara futbolun təməl texnikası, fiziki və topsuz məşqlər düzgün keçirilmir. AFFA-nın məşqçilik kursları məşqçilər üçün vacibdir. Orada düzgün iş qaydası öyrədilir. Lisenziya alsan da, almasan da keçdiyin təcrübə inkişaf üçün çox faydalıdır”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Aut.az saytına “AZART” futbol klubunun baş məşqçisi Səxavət Ağazadə uşaq futbolundakı problemlərdən danışarkən deyib. O, daha sonra belə davam edib:

 

“Əfsus ki, indiki gənc çalışdırıcılar öz üzərilərində çox işləmirlər. Bəzi ödənişli klublar var ki, orada xeyli istedadlı uşaqlar məhv olur. Məşqçilər öz xeyirlərinə görə azyaşlıları başqa klublara yönəltmir. Təsəvvür edin ki, 13-14 yaşlı uşaqlar oyundankənar vəziyyət qaydasını bilmirlər.

 

Komandalar çempionata 20-30 uşaqla yollanır, lakin yarışda yeddi, doqquz nəfərlik komandalarla çıxış edirlər. Yerdə qalan uşaqlar isə oyun təcrübəsindən məhrum olurlar. Uşaq futbol oynamırsa, onun inkişafından söhbət gedə bilməz.

 

Məşqçilər azyaşlıları bir yerə yığıb onların hamısını komandada saxlamamalıdırlar. Uşaq futbolunda elə klublar var ki, ölkədəki bütün yaxşı oyunçuları yığıb yarışlara qatılır. Bu halda isə rəqabət olmur. Bu gün uşaq futbolunda elə çatışmazlıqlar var ki, danışmaqla bitməz. Əgər gələcəyimizi düşünürüksə, uşaq futboluna diqqət və qayğını artırmalıyıq”.

Xəbər xətti