"Yaponların Azərbaycan çempionatına maraq göstərməsi məni şad edəcək" - MÜSAHİBƏ

14:30 - 23 Yanvar 2023

"Sumqayıt"ın yaponiyalı futbolçusu Murata Musaka Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt"a keçidin necə baş tutdu? Maraqlıdır, necə oldu ki, Azərbaycanda oynamağa qərar verdin?
- Özümü başqa bir çempionatda, ölkədə sınamaq istəyirdim. “Valmeria” ilə müqaviləm başa çatdığından təklifləri dəyərləndirməyə başladım. “Sumqayıt”dan təklif alan zaman çox düşünmədim. Azərbaycan çempionatının səviyyəsinin yüksək olduğunu bilirdim

- "Valmieyra"da ölkə çempionluğunu qazanmısan. Növbəti dayanacağın isə Azərbaycandır. Ümumiyyətlə, Azərbaycan və Azərbaycan futbolu haqda məlumata sahib idin?
- “Sumqayıt”dan təklif alan zaman bir qədər də araşdırma apardım. Dediyim kimi, Azərbaycan çempionatının səviyyəsinin yüksək olduğunu bilirdim.Təklifdən sonra bir qədər də araşdırma apardım. Ümumən şəhər və komanda haqqında çox gözəl fikirlərə rast gəldim

- "Sumqayıt"ın kollektivi ilə artıq tanışsan. Yeni komandan haqda nə düşünürsən? Sumqayıt şəhərini artıq gəzmisən, darıxmayacaqsanki?
- Olduqca peşəkar kollektiv mövcuddur, məni əla qarşıladılar. İnzibati personaldan tutmuş məşqçi və futbolçu heyəti mənimlə çox yaxşı maraqlanır. Düşünürəm ki, tez bir zamanda adaptasiya periodunu da aşacam. Özümdən gözləntilərim çoxdur. Şəhəri isə tam gəzə bilməmişəm hələ uzun müddət burda olduğum üçün vaxtım çox olacaq.

- Yəqin ki, Azərbaycan Premyer Liqasında ilk yaponiyalı futbolçu olmadığın haqda məlumatın var. Səndən öncə Keysuke Honda Azərbaycanda oynayıb. Honda Yaponiya futbolu üçün əfsanədir. Yəqin ki, onunla eyni siyahıda yer almaq səni sevindirir? 
- Keysuka Honda Yaponiyanın ən güclü futbolçularından biridir. O, bizim canlı əfsanəmiz, ölkə futbolumuzun simvollarından biridir. Möhtəşəm karyeraya sahibdir.

- Azərbaycandakı hədəflərin nədir? Latviyadan sonra Azərbaycanda da çempion olmaq istəyin var, yoxsa bura trapmlin gözü ilə baxırsan?
- "Sumqayıt"da özümü yaxşı tərəfdən göstərəcəyimə inanıram.Tezliklə çempionatda debüt edəcəyimi gözləyirəm. Hədəflərim böyükdür. Öncəliyim komandama xeyir verməkdir.

- Legioner həyatı yaşayan yaponiyalı futbolçular əvvəlki illərlə müqayisədə indi daha çoxdur. Necə düşünürsən, Azərbaycandakı karyeran Yaponiya millisinə dəvət olunmaq üçün uğurlu yoldur?
- Yaponiyanın U-17 yığmasında oynamaq təcrübəm var. Ona görə də, bu haqda çox şey deyə bilmirəm. Ancaq bir çox yapon oyunçu Avropada oynayır və özünü yoxlayır. Yaponiya millisinə dəvət almaq mənim üçün asan deyil. Amma yaponların Azərbaycan çempionatına maraq göstərməsi məni şad edəcək. 

- Deyəsən, ən yaxın dostun Daisuke Yokotadır. İnstaqramda onun haqda yazı paylaşmışdın. Maraqlıdır, onu Azərbaycana gətirmək, bura gəlməsində vasitəçi olacaqsan?
- O, mənim ən yaxşı dostum və meydanda ən yaxşı tərəfdaşımdır. Mən bura gəldiyim üçün Azərbaycan çempionatından xəbəri var. Onun burada olub-olmayacağını bilmirəm, amma ümid edirəm ki, onu yenidən meydanda görəcəyəm.

Mirbağırağa

Xəbər xətti