"Qəbələ" Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə "Kəpəz"lə 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, bir aylıq fasilədən sonra ilk rəsmi oyunumuz ağır olacaq. "Kəpəz" yaxşı təşkilatlanmış komandadır. Heyətlərində yaxşı və maraqlı futbolçular var. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Qapımıza verilən ilk penaltidən sonra matçın ritmini itirdik. Amma komandam xarakter göstərdi. İkinci hissədə istədiyim "Qəbələ"ni görə bildim.
- Rövlan Muradov, Rafael Utsiq və Ülvi İsgəndərovu sonradan oyuna daxil etmək üçün ehtiyat qüvvə kimi saxlamışdız?
- Rafael Utsiq komanda ilə hazırlıq keçməsə də, evdə boş dayanmırdı. Fərdi məşqlər edirdi. Bu əvəzetmələrlə oyunun ritmini dəyişmədik. Sadəcə futbolçular düzgün reaksiya verib ikinci hissədə aqressiv oynadılar. Bizim komandada ehtiyat və ya əsas üzvlər yoxdur. Hamı eynidir. Kimin üzərinə nə düşürsə, daha artığını etməyə çalışır. İlk hissədə ağır görünməyimizin səbəblərindən biri də meydançanın vəziyyəti idi. Kənardan yaxşı görünür. Amma çox ağırdır. Hətta dünənki məşqdə iki futbolçumuzu itirdik. Asif Məmmədovla Strijan zədələndi. Adi epizodda ayağı burxuldu. Hər iki komandanın futbolçularına alqış düşür. Yaxşı dinamik oyun sərgilədilər.
- "Qəbələ" transfer etməyən yeganə klubdur. Bu yöndə hər hansı yenilik var?
- Xeyr, heç bir yenilik yoxdur. Heyətin müəyyən qədər geniş olmağını mən də istəyərəm. Hələ ki, büdcədə dəyişiklik yoxdur. Ona görə də bu sualı cavablandıra bilmirəm.
- Baş məşqçi kimi ilk dəfə Gəncədə oldunuz. Ab-hava necə idi?
- Gəncədə futbol fərqlidir. Azarkeşlər futbolu anlayırlar. Bura futbol şəhəridir. Amma düzələsi çox şeylər var. Burada onları açıqlamaq istəmirəm. Şərait baxımından çox şey düzəlməlidir.
- Hakimliyin səviyyəsi necə idi?
- Hakimin üzərində çox dayanmaq istəmirik. Amma məncə, birinci epizodda bilərəkdən heç nə yox idi. Futbolçu əlini açıb qaçmalıdır. Bu, qanundur. Əli gizlətmək mümkün deyil. Ürfanın səmimiyyətinə inanıram. Bilərəkdən nəsə etdiyinə inanmıram.
- "Qəbələ" hazırkı heyətlə çempionatda nəyə qadirdir?
- Bizi keçən il də heç kim iddialı hesab etmirdi. Kollektivim sağlamdır, futbolçularım iddialıdır. Sona kimi iddiadan əl çəkməyəcəklər.
- Avrokubok iddiası?
- Əlbəttə. Çalışacağıq ki, həmişə həmin zonaya iddialı olaq.
- Əlinizdə olan heyəti qorumaq çətin deyil?
- Bu heyəti qorumaq ağırdır. Futbolçularımızın çoxuna yaxşı təkliflər var. Klub olaraq çalışırıq ki, onlar bizimlə davam etsin. Hələ ki, gələn ili fikirləşmirik. Ona görə də indiki oyunçular heç yerə getməyəcəklər. Kimə təklif olsa da, bizimlə davam edəcək.
- İki cəbhədə mübarizə aparırsız. Kuboka, yoxsa çempionata üstünlük verəcəksiz?
- Hər ikisinə üstünlük veririk. Sırf kuboka hazırlaşmaq fikrimiz yoxdur. Komandanı önümüzdəki matça hazırlayırıq.
- Ramon Maçado zədələndi. Onun durumu necədir?
- Hələ bilmirik. Əzələsində müəyyən dərəcədə dartılma var.
Elçin Əlixan
saytlarin hazirlanmasi