Mert Çeliki icarəyə götürmək istədilər, “Neftçi” razılıq vermədi

11:32 - 1 Fevral 2023

Qış transfer çalışmaları dövründə fəal olan “Şamaxı” klubu heyətinə 4 futbolçu qatıb. Bunlar Əli Səmədov, Emin Zamanov, Zahid Mərdanov və Abdulla Seyidəhmədovdur.

 

Əli Səmədov mövsümün əvvəlində “Kəpəz”də əsas heyət üzvü olsa da, Tərlan Əhmədovun gəlişindən sonra işləri qaydasında getmədi və o, klubu tərk etməli oldu. Lakin Əli Səmədov boşda qalmadı. “Şamaxı”nın məşqçilər korpusu gəncəli futbolçunu öz sistemlərinə uyğun bilib dəvət etdilər. “Kəpəz”dən “Şamaxı”ya gələn daha bir futbolçu Zahid Mərdanovdur. Premyer Liqada oyun təcrübəsi az olsa da, mərkəz müdafiəçisi olan Mərdanov oyunu oxumaq qabiliyyəti, topla yaxşı rəftara malik, ilk ötürmə vermək bacarığı olan futbolçulardandır.

 

Emin Zamanovu götürmək üçün “Şamaxı” Adil Nağıyevi “Səbail”ə qaytarmaq şərti ilə razılaşıbsa, demək ki, ona da ümidlər böyükdür. Abdulla Seyidəhmədova gəlincə, futbol ictimaiyyəti bu qapıçını daha çox Samir Abasovun dönəmində “Zirə”dəki çıxışları ilə xatırlayır.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, “Şamaxı”nın heyətinə qatmaq istədiyi futbolçular arasında “Neftçi”nin müdafiəçisi Mert Çelik də olub. Regekampfın gəlişindən sonra daha çox ehtiyatda qalmaqla yadda qalan Çelikin icarəyə veriləcəyi ehtimal olunsa da, “Neftçi” bu izdivaca razılıq verməyib.  

 

Xəbər xətti