"Həmin hissi iki dəfə yaşamışam, ağır vəziyyət idi"

13:02 - 3 Fevral 2023

"Turan Tovuz"la oyuna çox yaxşı hazırlaşmışdıq, istəkli idik. Bunun da nəticəsində qələbə qazandıq. Amma çox çətin alındı, son dəqiqədə qapımızda yaradılmış epizo da qolla nəticələ bilərdi. Lakin sonda hər şey bizim üçün yaxşı başa çatdı".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib.

"Gənclik şəhəri" təmsilçisinin aparıcı üzvü komandasının turnir cədvəlində daha yuxarı pillələrə qalxmaq üçün gücü olduğunu bildirib: "Bizdə əzmkarlıq, istək yüksək olur. Əlbəttə ki, sona qədər mübarizə aparmaq lazımdır. Növbəti oyunda qələbə qazanaraq turnir cədvəlində daha yuxarı pilləyə qalxmaq mümkündür. Əsas odur ki, istəyimiz belə qalsın, əzmkarlıq göstərərək daha yaxşı ola bilərik".

"Son pilləni tutacaq komanda birinci diviziona yollanacaq. Bu mənada, oyunöncəsi və oyunun gedişində gərginlik olur?" sualına İsgəndərlinin cavabı belə olub: "Əlbəttə ki, gərginlik olur. Bu hissi iki dəfə yaşamışam, ağır vəziyyət idi. Oyunun gedişində daha da gərginləşirsən. Bu şəhər, bu komanda axırıncı yeri tutmağa layiq deyil. Biz də əlimizdən gələni edərək komandanı irəliyə aparmağa çalışacağıq".

"Sumqayıt" Premyer Liqanın 21-ci turunda "Neftçi" ilə qarşılaşacaq. "Kimyaçılar"ın vingeri "ağ-qaralar"la səfərdəki görüşdə uğurlu nəticəyə ümid etdiklərini söyləyib: "Neftçi"yə qarşı oyununun hazırlıqlarına başlamışıq. Məşqçilərimiz analiz edir, rəqibə qarşı necə oynamaq lazım olduğunu bizə deyir. "Neftçi" hər zaman güclüdür. Onlara qarşı oynamaq həmişə çətindir. Çünki böyük komandadır. Lakin hər bir kluba qarşı oynamaq mümkündür. Rəqib meydançasına qələbə arxasınca gedəcəyik".

Sonda isə Vüsal komandaya yeni cəlb edilmiş futbolçularla münasibətindən danışıb: "Yeni gələn futbolçuların hamısı ilə münasibətim çox yaxşıdır. Terrens Tisdellə Türkiyədən tanışıq, onunla rəqib olmuşuq. Yeni gələnlərin hamısı xarakterli oyunçulardı, həm də yaxşı insanlardır. Biz də onlara dəstək olmağa çalışacağıq".

​Mirbağırağa

Xəbər xətti