"Qarabağ" Avropa Konfrans Liqasının "Gent"lə pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Ağdam təmsilçisi qapıçı mövqeyi üçün axtarışları davam etdirirdi. "Qarabağ" bir neçə qolkiperlə danışıqlar aparsa da, transfer alınmayıb. Bu məsələ ilə bağlı futbol eksperti, menecer Səbuhi Səfiyarlıya müraciət etdik. Sportal.az saytına danışan futbol mütəxəssisi qapıçı tapmağın mümkün olduğunu düşünür:
"Qapıçı tapmaq olardı. Görünür "Qarabağ" təkcə avrokuboklar üçün tələsik qapıçı transfer etmək istəmədi. Qışda azad agent statusunda olan yaxşı qolkiper transfer etmək çox çətindir. Qapıçı elə mövqedir ki, futbolçulardan fərqli olaraq hər zaman sərbəst qalmır. Mən belə başa düşürəm ki, "Qarabağ" sırf avrokuboklar üçün böyük məbləğ ödəyib qapıçı transfer etmək istəmədi. Çünki, əgər transfer olsaydı, yaxşı təzminat ödəniləcəkdir, maaş veriləcəkdir. Belə halda risk etmək istəmədilər. Böyük məbləğ ödəyib, sonra ümidlər doğrulmasa, büdcəyə ziyan ola bilərdi. İki aydan sonra Şahruddin Məhəmmədəliyev qayıdacaq. Çempionatda Luka Quqeşaşvili və Amin Ramazanovla oynamaq olar. Premyer Liqa üçün qapıçı transferi çox da vacib deyil. "Qarabağ" Andrey Lunyovu ona görə transfer etmədi ki, o, 2-3 ay oynaya bilməyəcəkdi. Ola bilər ki, yayda yenə Lunyov variantına qayıtsınlar. Transfer siyahısının ilk sırasında rusiyalı qolkiper idi. Sadəcə Lunyovun zədəsinə görə bu transfer alınmadı. Bəlkə də yayda bu mövzuya yenidən qayıtmaq barədə razılaşıblar. Onun əvəzində kimisə transfer edib risk etmədilər".
Çoxları "Gent"ə qarşı Luka Quqeşaşvili və Amin Ramazanovun oynamağını riskli hesab edir. Səbuhi Səfiyarlı bununla bağlı da fikirlərini bildirib:
"Aydın məsələdir ki, Şahruddin olmadan "Gent"in qarşısına digər iki qolkiperlə çıxmaq risklidir. Təsadüfdən ötən mövsüm də eyni hadisə yaşandı. "Marsel"lə matçlarda Quqeşaşvilinin səhvlərinin şahidi olduq. Düzdür, Luka ötən bir il ərzində təcrübə qazanıb, "Qarabağ"a uyğunlaşıb. Amma yenə də onu hazır saymaq düzgün olmaz. Yoldaşlıq oyunlarında, çempionat matçlarında səhvlərə yol verir. Onun oynamağında risk var. Amma iki oyuna görə "Qarabağ" riskə getmək istəmədi. Xatırlayırsızsa, Luka Quqeşaşvili ötən mövsüm məhz Şahruddin zədələnəndə transfer olunmuşdu. Artıq "Qarabağ" bir dəfə qapıçı transferində bunu yaşayıb, görüb ki, səhv edəndə necə başa gəlir. Ona görə də eyni səhvi ikinci dəfə təkrar etmək istəmədilər. Qapıçı baxımından problem olacaq. Rəqib də "Qarabağ"ın düşdüyü vəziyyəti bilir. Artıq UEFA-ya sifariş ərizəsi verilib, nəsə etmək gecdir. Ən yaxşı halda məşqçinin bacarığına arxayın olmaq lazımdır. Quqeşaşvili adətən çıxışlarda səhvlərə yol verir. Məşqçilər qapıçıya zəif olduğu mövqelərlə bağlı tapşırıqlar verəcəklər. Düzü bilmirəm "Genk"ə qarşı Luka oynayacaq, yoxsa Amin. Çünki, çempionatda hərəsi bir oyunda qapını qoruyub. Baş məşqçinin hansına üstünlük verəcəyi dəqiq deyil. Yəqin ki, bu, məşqlərdəki performansdan asılı olacaq. Qarşıdakı çempionat oyunlarında görəcəyik ki, kim daha çox şans qazanır. Vaxt çox azdır. Qapıçı heç olmasa 2-3 matçda oynayıb, daha çox öyrəşməlidir. Ancaq buna ümid etmək olar".
Elçin Əlixan
saytlarin hazirlanmasi