"Məqsədim Olimpiya çempionu olmaqdır" - MÜSAHİBƏ

17:41 - 5 Fevral 2023

Üzgüçülük bədən üzvlərinin suda hərəkəti təmin etməsi ilə baş tutan idman növüdür. Bu idman növü ilə fərdi və yaxud komanda şəklində yarışlar da keçirilir. Üzgüçülük vücudunuzun inkişaf etməsinə, bütün orqanlarınızın hərəkətə keçməsinə kömək edir. Qədim Yunanıstanda oxumağı və üzməyi bacarmayan adamları həyata ən az uyğunlaşmış şəxslər hesab edirdilər. Üzgüçülük uzun zaman idman növləri sırasına daxil edilməmişdi. Hətta qədim Yunan Olimpiya Oyunları proqramlarına da daxil olmamışdır. Yalnız on doqquzuncu əsrin ortalarında Qərbi Avropanın bir sıra ölkələrində üzgüçülük üzrə yarışlar keçirməyə başlamışlar. Birinci qış üzgüçülük hovuzu 1842-ci ildə Vyanada açılmışdır. Azərbaycanda da bu idman növü ilə peşəkar səviyyədə məşğul olanlar var. Böyük perspektiv vəd edən idmançılarımızdan biri də Fatimə Alkərəmovadır. Sportal.az saytına müsahibə verən 21 yaşlı üzgüçü məqsədlərindən söz açıb.




- Bu idman növünə gəlişiniz necə alınıb? Neçə ildir ki, yığmanın üzvüsüz 
- Üzgüçülüyə həvəsim həmişə olub, uşaqlıqdan da suda çox oynayırdım. Bu idman növünə ilk başlayan qardaşım olub. Ondan sonra məndə də həvəs yarandı və məşğul olmağa başladım. Bəli, milli komandamızın üzvüyəm. Yığmada 12 yaşımdan bəri çıxış edirəm. 

 
- Azərbaycanda üzgüçülüyün səviyyəsi hansı yerdədir sizcə? 
- Mən Azərbaycanın ən gənc üzgüçü olimpiyaçısıyam. Belarusun Brest şəhərində 13 yaşım olanda idman ustası qazanmışam. Çox turnirlərin qalibi və rekordların sahibiyəm. Azərbaycan üzgüçülüyünü irəli aparmaq üçün daha çox çalışacam. 



- Üzgüçülük federasiyasının idmançılara olan diqqəti hansı yerdədir? Sizin üçün normal şəraiti yaradılıb? 
- Düzü, üzgüçülüyə son vaxtlar daha çox maraq göstərilir. Federasiyamız əlindən gələni edir ki, hərtərəfli irəli gedək. Bu yaxınlarda Macarıstandan yeni məşqçi gətirilib. Baş məşqçimiz Rəşad Əbdurrahmanovun rəhbərliyi altında Su İdman Sarayında məşqlərimizi davam etdiririk.



- Ümumiyyətlə, Azərbaycandan üzgüçülük idmanı üzrə Olimpiya çempionunun çıxması üçün nələr etmək lazımdır? Sizin əsas məqsədlərinizdən birinin bu olduğunu demək olar?
- Hər bir idmançının arzusu Olimpiya çempionu olmaqdır. Hamı bunun üçün çalışır. Əsas olan intizamlı, həvəslə məşq etmək, ağrılara qalib gəlmək və ən əsası düzgün işləməkdir. Təbii ki, hər bir idmançı kimi mən də əlimdən gələni edirəm. Məqsədim Olimpiya çempionu olmaqdır. 


 
- İndiyə qədər hansı uğurlarınız olub? Özünüz üçün unudulmaz turnir hansıdır? 
- İndiyə qədər çox qalibiyyətlərim olub. Amma ən çox yaddaqalan 2016-cı ildə Rio Olimpiyadasıdır. Çünki ən gənc idmançı kimi orada iştirak etmişdim. Mənim üçün böyük təcrübə oldu. 2017-ci ildə EYOF-da 756 balla 5-ci yeri tutaraq, Azərbaycana yenilik gətirmişdim. 


 
- Bir ara Olimpiya oyunlarında yığmaya deyəsən, legioner idmançılar cəlb edilirdi. Hətta həmin idmançılar təsnifat mərhələsində sonuncu pilləni tuturdu deyə, sosial şəbəkələrdə "yaxşı ki, boğulmayıblar" kimi ifadələrlə ələ salanlar olurdu. Bu cür fikirlər, şərhlər sizi həvəsdən salmırki? Üzgüçülərimiz barədə bu cür fikirləri necə aradan qaldırmaq olar? 
- Bu ifadələri biz idmançılarq həmişə anlayışla qarşılamağa çalışırıq. Çünki yalnız bizim invan növündə belə şərhlər olmur. Biz sadəcə olaraq, daha çox çalışıb, Azərbaycanda da üzgüçülüyün güclü olduğunu bütün dünyaya göstərəcəyik.


 
- Ümumiyyətlə, ölkəmizdə üzgüçülüyə maraq göstərənlər çoxdur, yoxsa az?  Üzgüçülüylə peşəkar səviyyədə məşğul olmaq üçün hansı üstünlüklərə sahiblənmək lazımdır? 
- Ölkəmizdə üzgüçülüyə maraq artıb. Bu idman növü ilə peşəkar səviyyədə məşğul olmaq istəyənlərə demək istəyirəm ki, heç vaxt heç nə üçün gec deyil. Mən özüm 11 yaşımda başlamışam üzgüçülüyə. Bu yaşda başlamaq bəli, gecdir. Amma öz üzərimdə çox çalışıb, özümü rəqiblərimə çatdırmışam. Təkcə üzgüçülükdə yox, hər hansı idman növündə və ya peşədə bunu qəlbən istəsəniz, öz üzərinizdə çalışsanız, hər şeyə nail olacaqsınız.


 
- Milli komandamızın üzvüsünüz. Üzgüçülükdən hansısa gəlir əldə edirsiniz, yoxsa bunun üçün başqa işlə də məşğulsuz? 
- Əlbəttə, federasiya yığmamız üçün maaş ayırır. Mən həm də, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüyəm.



- Paris 2024-də nəyə ümid edə bilərik? Orada iştirak üçün vəsiqə qazana biləcəksiz? 
- Paris-2024-də məqsədim var. Bu yarışa vəsiqə qazanmaq üçün yarışlar mart ayından başlayacaq. Ümidvaram ki, hər şey uğurlu alınacaq.

Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI V           

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 


 

Xəbər xətti