AFFA-nın baş katibi Sərxan Hacıyev hələ bu mövsümün əvvəlində deyib ki, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək. Futbol ictimaiyyəti bunu daha çox AFFA-nın Premyer Liqada “Araz Naxçıvan”a yer eləmək niyyəti kimi qəbul etmişdi. Bu da səbəbsiz deyil. Çünki illərdir idman prinsiplərini qorumayan qurumun birdən-birə belə prinsipial mövqe nümayiş etdirməsi təəccüblü görünür.
Lakin Vasif Talıbovun istefa verməsi, muxtar respublikada baş verən dəyişikliklərdən sonra “Araz Naxçıvan”ın da Premyer Liqaya gəlişinin sual altına düşdüyünə dair fikirlər səslənməyə başlayıb. Bu, sonuncu yeri tutmaq təhlükəsi yaşayan komandaları da bir qədər rahatlaşdırıb. “Araz Naxçıvan” Premyer Liqaya qayıtmasa, böyük ehtimalla, indiki tərkib dəyişəsi deyil.
Ötən həftə Gəncə və Şamaxıya səfər edən AFFA-nın baş katibi Sərxan Hacıyev klub rəhbərləri ilə görüşdə bir daha xəbərdarlıq edib ki, sonuncu yeri tutan komanda mütləq şəkildə Premyer Liqanı tərk edəcək və bu məsələdə heç kimə güzəşt olmayacaq. Sərxan bəyin bu fikirləri deyərkən, “Araz Naxçıvan”a ümid etməsi, yoxsa başqa bir komandanı elitaya gətirmək istəyində olması ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur. Çünki aşağıdan gələn komanda “Araz Naxçıvan” olmasa, ən real namizəd “Zaqatala”dır. Lakin AFFA rəhbərliyinin Qurban Qurbanova ol(may)an münasibətini nəzərə alsaq, onun qardaşının rəhbəri olduğu klubun Premyer Liqaya buraxılması inandırıcı görünmür. Zaqatala təmsilçisinə obyektiv münasibət bəslənsəydi, bu komanda da çoxdan Premyer Liqada olardı. Amma paytaxt klublarına illik 3 milyon manat yardım edən AFFA rəhbərliyi futbol ənənəsi olan bölgə klubuna pul ayırmaqdan boyun qaçırır. Hamı bilir ki, hər dəfə səbəb göstərilən lisenziya şərtləri bəhanədən başqa bir şey deyil. Premyer Liqada çıxış etmək üçün maliyyə lazımdır. Digər klublar kimi “Zaqatala”ya da illik 3 milyon manat ayrılsa, rahat şəkildə Premyer Liqada çıxış edə bilərlər.
Sərxan Hacıyevin son xəbərdarlığına gəlincə, hal-hazırda turnir cədvəlində qütbləşmə yaranıb. Birinci və ikinci beşlik formalaşıb. Elə vəziyyətdir ki, ikinci beşlikdə yer alan hər bir komanda yekunda sonuncu ola bilər. AFFA rəhbərliyinin əvvəlcə bir söz deyib, axırda başqa cür etdiyini dəfələrlə görmüşük. Yəni, Premyer Liqanı tərk eləyən olmaya da bilər sonda. Amma yenə də nə olar, nə olmaz. Klublar ehtiyatını əldən verməli deyil.
Həmid
saytlarin hazirlanmasi