“Lion, “Fənərbağça”, “Olimpiakos” kimi klublarda çıxış etmiş Yassin Benzianın Gəncə stadionunda gördüyü mənzərədən şoka düşməsi, “Qarabağ”ın digər legionerlərinin də “Kəpəz”lə səfər matçında qəzalı durumda olan arenanın miskin görkəminə şahidlik etməsi ilə bağlı yazı təqdim etmişik – https://cdn.crox.az/news/150452
Mövzunu davam etdirmək üçün, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanova müraciət etdik. Çünki bir vaxtlar “Neftçi”nin heyətində yer alan məşhur futbolçular da belə hallarla üzləşib. Sportal.az saytına geniş açıqlama verən Tahir bəy əvvəlki illərdə çempionatımızda yaşananlarla bağlı ətraflı fikir bildirib:
“Keyfiyyət tək futbolçuların səviyyəsindən asılı deyil. Azərbaycanda futbol bumu yaşananda ölkə futbol təsərrüfatı tək ümumi idarəçilik baxımından deyil, infrastruktur, yol/gediş-gəliş, otel, stadionlar, ot örtüyünün vəziyyəti olaraq da, yumşaq desək, hazır deyildi. Nəinki bu hallar, bölgələrdə elektrik, qaz, isti su problemləri yaşanırdı. Bilirsiniz, çempionatlar gedə-gedə Lənkəran, Yevlax, İmişli, Qəbələ, Zaqatala, paytaxtın özündə yeni stadionlar, bazalar inşa edilirdi. Belə durumda tək "Neftçi"də deyil, digər iddialı klublarımızda da məşhur simalar çıxış edirdilər, Oqtay Dərəlioğlu, Bezrodnı, Skaçenko və s.
Təbii ki, səfərlərdə, oyunlarda şəraitlə bağlı böyük problemlər, kuryoz anlar yaşanırdı. Təsəvvür edin, İngiltərə, Almaniya, Türkiyə, İsveçrə, Rusiyanın aparıcı klublarında çıxış etmiş futbolçular yeni məkanda belə mənzərə ilə rastlaşırdılar. Şəraitlə bağlı elə məqamlar yaşanıb ki, mətbuata çıxarılması belə məsləhət deyil. Xüsusi vurğulayım, məşhur futbolçular şəraitlə bağlı nə qədər əziyyət çəksələr də, infrastrukturun yaxşılaşmasında onların təkanverici rolu qeyd edilməlidir. Nə yazıq ki, bölgələrdə inşa edilmiş stadionlar artıq böyük futbolsuz qalıb, "Bakı"nın bazası yerlə bir edilib.
Nə qədər obyektiv, pozitiv tənqidlər edilsə, Premyer liqada şəraitdən tutmuş çəkilişlərə qədər problemlər yaşansa da, əvvəlki illərlə müqayisədə müsbətə doğru çox dəyişiklər var. Təşkilatı baxımdan lisenziyalaşdırma tələblərinə uyğun güzəştlər edilməməlidir. Bu yöndə AFFA, PFL tələbkarlıqla yanaşı maarifləndirmə işlərinə də xüsusi diqqət yetirməlidir. Futbolun ümumi səviyyəsi bəllidi, heç olmasa şərait, stadionlar baxımından aşağı düşməməlidir. Digər tərəfdən, problemlərin əcnəbilər tərəfindən qabardılması yaxşı haldır, biz, yerlilər, mütəxəssislər, jurnalistlər, azarkeşlər məsələləri, problemləri qabardanda reaksiya az olur və ya ümumiyyətlə verilmir. Legioner futbolçuların fəryadı problemin müvafiq instansiyalara çatmasına, Gəncə stadionunun yenidənqurulmasına kömək ola bilər”.
saytlarin hazirlanmasi