Sürüşmə zonası olan Bayılda uçqunların qeydə alınmasına alışmışıq. Nə etmək olar? Bayıl sürüşməyə meylli ərazi olduğundan həmişə buranın müxtəlif yerlərində çökmələr, uçqunlar baş verib. Hal-hazırda ərazi sakinləri növbəti uçqunu müşahidə edirlər – Bayılda yerləşən “Səbail” uçqununu!
Son bir neçə ildir ki, baş məşqçi Aftandil Hacıyevin fədakarlığı sayəsində Premyer Liqanın digər klublarına diş göstərməyə çalışan “Səbail” ötən mövsümün sonunda şad xəbər aldı – ASCO şirkəti kluba böyük vəsait ayıracaq! Lakin Aftandil Hacıyev növbəti mövsümün planlarını cızmağa macal tapmadan istefaya göndərildi. İllərini buraya verən, çətin günlərində “Səbail”in ayaqda qalması üçün çalışan mütəxəssisin bu şəkildə göndərilməsi klubun adına yaraşan addım olmadı.
Uçqun birdən-birə baş vermədi. Baş məşqçi vəzifəsi uğrunda kreslo savaşı başlayanda, tiktonik silahlar da öz işini görməyə başladı. Klubun icraçı direktoru Fərəc Əliyev bir vaxtlar “İnter”də birgə çalışdığı Kaxaber Tsxadadzenin namizədliyini irəli sürsə də, vakant postun Şahin Diniyevə tapşırılması qərara alındı. Lakin həmişəki kimi planlar qəfil dəyişdi və “Səbail”in baş məşqçisi Mahmud Qurbanov oldu.
Bayıl klubuna 8 milyon manatdan çox illik büdcə ayrılmağına baxmayaraq, “Səbail” qış fasiləsinə sonuncu pillədə getdi. Mahmud Qurbanov bir neçə futbolçunu yola salacağını, qışdan sonra iddialı komanda quracağını bəyan etsə də, açıqlamadan sayılı günlər sonra həmin futbolçuların əvəzinə özü getməli oldu klubdan.
Yayda gəlişi baş tutmayan Şahin Diniyev qışda gəldi “Səbail”in başına. Amma başı bəlalı “Səbail” düzəlmədi ki, düzəlmədi. Yenə sonuncu pillədədilər.
Hər dəqiqənin öz hökmü olan Bayıl klubunda xaotik ab-hava hökm sürür. Qərarlar tez-tez dəyişir, klub daxilində maraqların mübarizəsi gedir, bir tərəfdən də “Səbail”in fəaliyyətində hər zaman AFFA-nın əli hiss olunur. Bu minvalla Bayıl klubunun Premyer Liqanı tərk edəcəyi gün çox da uzaqda görünmür.
Turnir cədvəlinin zirzəmisində elə oturublar ki, sanki yuxarılara gedən yolu uçqun bağlayıb. Həmin uçqunu təmizləyib yuxarı pillələrə qalxa bilməsələr, klubda hamılıqla ya növbəti mövsümdən divizonda işləməli olacaqlar, ya da qapı-qapı düşüb digər Premyer Liqa klublarında iş axtarmalı olacaqlar.
Həmid
saytlarin hazirlanmasi