Elmar Baxşıyev: "Futbolçular epizodu dəyərləndirmək üçün daha soyuqqanlı olmalıdırlar"

21:18 - 24 Fevral 2023

"Qəbələ" Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə "Səbail"lə 2:2 hesabı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"in baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Matçın ağır olacağını bilirdik. Heyətimizdə itkilər var idi. Amma komanda şəklində həmin boşluqları doldura bildik. Maraqlı və dinamik oyun alındı. Hər iki komanda qələbəyə layiq idi. Yolumuza davam edəcəyik. Komanda oyun planında yaxşıdır. Futbolçularıma təşəkkür edirəm. Bu gün qələbə qazanmaq istəyirdik. Futbolçular düşündüklərimizi meydanda etməyə çalışırdılar. 


- Son nöqtəni qoymaqda nə çatmırdı?

- İkinci hissənin əvvəlində oyunun ipini bir az rəqibə verdik. Sonra komanda xarakter göstərərək təzyiqi davam etdirdi. Düşünürəm ki, bir az soyuqqanlılıq çatmırdı. Futbolçular epizodu dəyərləndirmək üçün daha soyuqqanlı olmalıdırlar. Bunlar da futbolun içində olan nüanslardır, bundan qaçmaq mümlün deyil.


- Omar Haninin məşqdə zədələndiyi açıqlanmışdı, amma bu gün oynadı. Onun durumu nə yerdədir?

- Mikrozədəsi var idi. Amma bu gün həkimin rəyindən sonra oyuna buraxdıq. 


- Yaovi Akakpoya nə vaxt şans verməyi düşünürsüz?

- Siz başqa cür düşünürsüz, biz başqa cür. Bu gün Ürfan Abbasovu da qoruduq. O, zədədən yeni qayıdıb. Süni örtüklü meydanda onu oynatmaq istəmədik. Qarşıdakı matçlarda Akakpo da şans qazanacaq. Sırf zədəyə görə ehtiyat etdik. 


- Kristofer Atanqanaya qarşıdakı matçlarda şans verməyi düşünürsüz?

- Sərəncamımda olan bütün futbolçulara inanıram. Lazım olanda hamısına şans veririk.

 

Elçin Əlixan

Xəbər xətti