Tərlan Əhmədov: "Artıq neçənci oyundur ki, haqsızlıqla üzləşirik"

21:20 - 4 Mart 2023

"Kəpəz" Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

 

- İki uğurlu nəticədən sonra bura da xal üçün gəlmişdik. Minimum hədəf 1 xal idi. İlk 15 dəqiqədə görünürdü ki, komandam qalib gəlmək istəyir. Baş verəcək hadisələri qabaqcadan bilmirik. Komanda azlıqda qalsa da, nizam-intizamı qorudu. Hesabı bərabərləşdirmək üçün çalışdıq. Epizodlarımız da oldu. Belə rəqiblərə qarşı azlıqda oynamaq çətindir. Həm maddi, həm baza, ümumiyyətlə hər cəhətdən bizdən üstündürlər. Artıq mübariz komanda formalaşdırmışıq. Futbolçular qalib gəlmək üçün çalışırlar. Bu, məni sevindirir. Rəqibə başağrısı olduğu üçün uşaqlara təşəkkür edirəm. 6 gün sonra bizi "Zirə" ilə çox ağır oyun gözləyir.

 

- Hakim idarəçiliyindən razı qaldınız?

- Hər kəsin gördüyü işi vicdanına buraxmışam. Bizim də gördüklərimiz var. Qırmızı vərəqə epizoduna baxacağıq. Penalti epizodundan narazı idim. Özləri dəfələrlə deyiblər ki, top bədəndən ələ deyibsə, penalti deyil. Rəqibin epizodu olanda gedib VAR-a diqqətlə baxırlar. Bizim epizodda isə VAR-dan heç bir xəbərdarlıq gəlmir. Bu qədər insanın haqqına girmək olmaz. Buna görə də istər-istəməz aqressivləşirəm. Əziyyət çəkirik, biz onsuz da heç nədən komanda yaratmaq istəyirik. Artıq neçənci oyundur ki, haqsızlıqla üzləşirik. Emosiyalarımıza sahib çıxa bilmirik. Bu da təbii prosesdir. 


- Abdullahi Şuaybu qırmızı vərəqə görəndən sonra komandanız müdafiəyə çəkildi. İkinci hissədə isə hücum edirdiz. Bunu ilk yarıda etmək olmazdı?

- Biz meydanın içinə girə bilmirik, fasilədə nələrisə dəyişirik. Qırmızı vərəqə futbolçularda psixoloji gərginlik yaradır. Bunun nəticəsində onlar özləri müdafiəyə meyilli olurlar ki, əks-hücumda oynasınlar. Biz fasilədə oyunçulara başa saldıq ki, qorxmaq olmaz, rəqibi meydanın ona aid olan hissəsində sıxmaq da lazımdır. Belə rəqiblərə qarşı açıq futbol oynamaq da olmaz. Nizam-intizamı pozmaq yaxşı olmazdı. Çünki, hesab böyük olsaydı, komanda psixoloji cəhətdən sına bilərdi. Hər şeyə soyuq başla yanaşmaq lazımdır. Kənardan fərqli görünə bilər.

 

- Mahir Həsənov start heyətdə idi. Orxan Sadıqlının cəzası bitsə də, qapıda Mario Mustapiçə şans verdiniz. Bunların səbəbi nədir?

- Giorgio Kantariya zədəlidir, Ahmet Ayzaya isə cəzalı durumdadır. Buna görə də heyətdə dəyişikliklər etməyə məcbur idik. İdris İnqilablı ilə Mahir Həsənovu yarımmüdafiənin mərkəzində oynatdıq. Mahirdə ilk dəqiqələrdən həyəcan hiss olunsa da, müdafiə sistemində uğurlu çıxış etdi. Orxana gəldikdə isə, o demək deyil ki, o əsas qapıçıdır. Hər üç qapıçımız eyni səviyyədədir. Orxan etdiyi hərəkəti düşünməlidir. İki uğurlu nəticədən sonra Mustapiçi oynatmasam, onun haqqına girmiş olaram. Bu gün də gördük ki, Mario neçə dəfə komandanı qoldan xilas etdi. Mənim işlədiyim yerdə birinci, ikinci söhbəti yoxdur. 


- Salif Sissenin oyununu necə dəyərləndirirsiz?

- Bu dəqiqə Sisseni qiymətləndirmək üçün bir şey yoxdur. Zədədən yeni qayıdıb, hələ tam bərpa olunmayıb. Formasını yığdıqdan sonra daha yaxşı Sisse görəcəyik. Birdən-birə heç nə olmur.

 

- Abdullahi Şuaybu qırmızı vərəqə gördüyü üçün onu cəza gözləyir?

- Xeyr. Heç bir cəza olmayacaq. Oyun epizodudur. İkinci hissədə rəqib İdris İnqilablıya qarşı açıq ayaqla oynadı. Ona da baxılsa, daha yaxşı olar.

 

Elçin Əlixan

Xəbər xətti