"Qəbələ" Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun alındı. Hər iki komanda meydanda əzmkarlıq göstərdi. Futbolçularım onlardan istədiklərimi etməyə çalışdılar. Daha çox hücum etməyə çalışırdıq. Hücum planında komandadan razı qaldım. İnanıram ki, qarşıdakı matçlarda yaratdığımız epizodları dəyərləndirəcəyik.
- Nəticəni uğurlu hesab edirsiz?
- Bu gün hər iki komanda yaxşı mübarizə apardı. Heç-heçə ədalətli nəticədir. Tovuz səfəri ağırdır. Süni örtük də narahatlıq yaradır. Buna baxmayaraq komanda xarakter göstərdi.
- Artıq neçənci dəfədir ki, "Zirə"yə çatmaq şansını əldən verirsiz. Çempionatın son pillələrində gedən komandalarla mübarizə aparmaq çətindir?
- Biz də həmin rəqabətin içindəyik. Buna davam gətirməliyik. Hər matça maksimum köklənmək lazımdır. Komandanın oyun planı var. Meydanda mənim istədiyimi verirlər. Belə davam etsək, nəticələr də gələcək.
- Çempionatdan avrokuboklara getmək şansı azalır. Ümidinizi kuboka bağlamısız?
- Sırf kuboka köklənməmişik. Çempionatda da avrokuboklara vəsiqə verən yeri tutmaq istəyirik. Epizodlar yaradırıq, amma dəyərləndirə bilmirik. Bir az soyuqqanlılıq lazımdır. Bu, problem deyil. Futbolun içində olan prosesdir. Normal qəbul edirəm.
Elçin Əlixan
saytlarin hazirlanmasi