"Toral Bayramov "Krılya Sovetov"un, Rəhim Sadıxov isə "Ximki"nin maraq dairəsində idi"

10:55 - 17 Mart 2023

Qış transfer pəncərəsində "Qarabağ"dan "Krasnodar"a keçən Kadi Borgesin yaxşı performans göstərməsi və Rusiya çempionatında qol hesabını açması diqqətçəkən hadisə oldu. Braziliyalı futbolçunun artıq ölkənin ən varlı klubu olan "Zenit"in maraq dairəsinə düşdüyü də deyilir. Kadinin özünü yaxşı tərəfdən göstərməsi həm də Rusiya klublarının Azərbaycan Premyer Liqasına daha çox diqqət yetirməsi ehtimalını artırır. Rusiyada çalışan futbol agenti İmran Rzayev bununla bağlı sportal.az saytına açıqlama verib:

"Kadi artıq ilk oyunlardan səviyyəsini ortaya qoya bilib. "Zenit"in ona maraq göstərməsinə dair onu deyə bilərəm ki, bu klub braziliyalılara daha çox nəzər yetirir. Son zamanlar "Zenit" əsasən Braziliyadan olan futbolçuları heyətinə qatır. Lakin məncə, Kadi hələ uzun müddət "Krasnodar"da qalacaq. Orada hər şey var - günəşli şəhər, əla stadion, maliyyə sabitliyi.

Rusiya klubları Kadi olmadan da Azərbaycan Premyer Liqasını yaxından izləyirdilər. Məsələn, ötən mövsüm Toral Bayramov "Krılya Sovetov"un, Rəhim Sadıxov isə "Ximki"nin maraq dairəsində idi. Aleksey İsayev də bir neçə Rusiya klubunun hədəfindədir. Legionerlərə gəlincə, Coy-Lens Mikels, Abdullah Zubir, Kevin Medina, Rafael Utziq və Ruan Renato ilə bəzi klubların maraqlandığını eşitmişəm. Amma yaş məsələsinə görə, onların Rusiya klublarına keçidi az inandırıcıdır".

Xəbər xətti