Səlahət Ağayev: "Qəbələ"də hər şey ürəyimcədir" - MÜSAHİBƏ

14:22 - 18 Mart 2023

"Qəbələ" Azərbaycan Premyer Liqasının 27-ci turunda doğma meydanda "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın qapıçısı Səlahət Ağayev jurnalistlərin suallarını cavablandırıb. 31 yaşlı qolkiperin müsahibəsini diqqətinizə çatdırırıq:

- Bu matç bizim üçün çox vacib idi. Neçə oyundur qələbə qazana bilmirdik. Həm "Zirə"yə yaxınlaşmaq, həm də komandada özünəinamın qayıtması üçün önəmli görüş idi.

- Avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsən?
- İndidən nəsə demək çətindir. Biz hər iki turnirdə sona kimi mübarizə aparacağıq. Qarşıda vacib oyunlarımız çoxdur. Əlimizdən gələnin ən yaxşısını edib avrokuboklara getmək istəyirik.

- Milliyə dəvət aldın. Bu haqda nə deyə bilərsən?
- Dəvət aldığım üçün çox şadam. Hər futbolçu milli komandada oynamaq istəyər. Əsas heyətdə kimin olacağı baş məşqçinin qərarından asılıdır. Biz də onun qərarına hörmətlə yanaşmalıyıq. Mənim oynayıb-oynamamağım vacib deyil. Əsas millinin nəticəsidir. Əlimizdən gələni edib nəticə qazanmaq istəyirik.

- Yusif İmanov ilk dəfə milliyə çağırılıb. Onun əsas heyətdə olmaq ehtimalı da var. Bu haqda fikirlərin necədir?
- Yusiflə "Sabah"da da bir yerdə olmuşuq. Gənc olmağına baxmayaraq yaxşı perspektivi var. Hər şey baş məşqçidən asılıdır. Əsas odur ki, hər şey milli üçün yaxşı olsun.

- Gənc qapıçı ilk dəfə beynəlxalq matçda özünü necə göstərə bilər?
- Gənc qapıçıların yolu açıq olsun. Mən özüm də gənc olmuşam. Kamran Ağayev sarı kart cəzalısı idi. Berti Foks Finlandiya ilə matçda məni oynatmışdı. 

- Üçüncü dövrədə "Zirə" də, siz də çox xal itirdiniz. Bu, nə ilə bağlıdır?
- Futboldur, belə şeylər olur. Biz də istəyirdik ki, yaxşı yerdə olaq. Hələ heç nəyi itirməməmişik. Sona kimi mübarizə aparacağıq. Xal itkisini nəyəsə bağlamaq olmur. Gözlənilməz qol buraxmışıq, öz şanslarımızı dəyərləndirə bilməmişik. 

- Bu gün bacın oğlu Qurban Səfərov sənin qapına qol vura bilərdi...
- Futboldur. Ona da uğurlar arzulayıram. Onun işi qol vurmaq, mənim də işim topu tutmaqdır. 

- Yayda "Qəbələ" ilə müqavilən bitir. Yeni sözləşmə ilə bağlı danışıqlar olub?
- Xeyr. Heç bir danışıq olmayıb. "Qəbələ"də bir çox oyunçunun müqaviləsi bitir. 

- Sənə digər klublardan təklif var?
- Yox. Bizi vacib oyunlar gözləyir. Əsas da kubokun yarımfinalı. Bu barədə fikirləşmək istəmirəm. Biz peşəkarıq. Müqaviləmin sonuna kimi "Qəbələ"dəyəm.

- Təklif olsa, "Qəbələ"də qalmaq istəyərsən?
- "Qəbələ"də hər şey ürəyimcədir. Məşqçilər korpusu ilə, komanda yoldaşlarımla, rəhbərliklə münasibətlərim yaxşıdır. Mövsümün sonunda qərar verəcəyik.

Elçin Əlixan

Xəbər xətti