Karyerasını İspaniyada davam etdirən həmyerlimiz: "Klubda məndən razıdırlar"

12:18 - 21 Mart 2023

Karyerasını İspaniyanın sayca 4-cü liqasında yarışan "Marino Luanko" klubunda davam etdirən Nazim Məmmədzadə Sportal.az saytına açıqlama verib. Azərbaycanlı futbolçu hazırkı klubundakı vəziyyətindən və yeni mövsümə harada davam edə biləcəyindən danışıb. "Moralo"ya məxsus olsa da, hazırkı klubunda icarə əsasında çıxış edən yarımmüdafiəçi daha çox oynamaq istədiyini bildirib:

"İspaniyada işlərim normal gedir. Məşqlərimi edirəm, oyunlara çıxıram, komandaya xeyir verməyə çalışıram. Hazırkı komandamda özümü yaxşı hiss edirəm. Burada məndən razıdırlar. Ancaq az oynayıram. Mən isə daha çox oynamaq istəyirəm. Təbii ki, veriləcək şansları daim gözləyirəm. Adaptasiya sarıdan problemim olmadı. Çünki ispan dilində də bilirəm. Çalışıram ki, daha çox oynayım".

Məmmədzadə yeni mövsümlə bağlı planlarının hələ ki, tam aydınlaşmadığını söyləyib: "Düzü, hələ heç bir təklif almamışam. "Moralo" ilə müqaviləm də uzadılmayıb. Yayda hər şey dəqiqləşəcək. Yeni mövsümə harada başlayacağıma yayda qərar veriləcək".

“Neftçi”nin yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi “Renova”da oynadıqdan sonra “Moralo”ya keçmişdi. O, “Marino Luanko”ya qışda icarəyə verilib.

Mirbağırağa

Xəbər xətti