"Heç bir komanda Premyer Liqadan birinci diviziona düşməyə layiq deyil"

14:53 - 21 Mart 2023

"Turan Tovuz"la matça qələbə qazanmaq üçün çıxmışdıq. Çox yaxşı da mübarizə apardıq. Oyunun taleyinin ilk hissədə həll edə bilərdik. Ancaq şanslardan istifadə edə bilmədik. İrəliyə baxmaq lazımdır".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Səbail”in müdafiəçisi Adil Nağıyev deyib. 

O, komandasının Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşmasına da münasibət bildirib: “Səbail” ilk dövrədə çox xal itirdi deyə, indi sonuncu pillədədir. Qışdan sonra dəyişiklik oldu. Yeni baş məşqçimiz də çalışır ki, komandanı bu durumdan çıxarsın. Psixoloji gərginlik var. Komanda sonuncu pillədədir, birinci diviziona düşmək təhlükəsinin olması sıxıntı hamıda yaradır. Oyun baxımından oyundan-oyuna inkişaf edirik. Hamımız inanırıq ki, komanda liqada qalacaq və kubokda da yaxşı nəticələr qazanacaq. Əslində, heç bir komanda Premyer Liqadan birinci diviziona düşməyə layiq deyil. Klub sayı artırılsa, daha yaxşı olardı. Doğrudur, sonuncu turda “Səbail”lə “Şamaxı” qarşılaşacaq. Məncə, ona qədər sonuncu pillənin taleyi həll ediləcək”. 

Sonda isə Nağıyev milli komandaların oyununa görə verilən fasilədən sonra baş tutacaq “Kəpəz”lə görüşdən gözləntilərini söyləyib: “Kəpəz” yaxşı komandadır, yaxşı da oyun göstərirlər. Ancaq məğlubedilməz komanda yoxdur. “Kəpəz” də bizim rəqibimizdir, üç xal vacibdir. Hər şeyimizi meydanda qoymağa hazır olmalıyıq. Allah qoysa, səfərdən üç xalla qayıdarıq”.

Mirbağırağa

Xəbər xətti