"Hesabda öndə idik. Amma bir neçə futbolçuda güc qutardı. Əsas heyətdən səkkiz oyunçumuz yox idi. Komanda meydanda pis görünmürdü. Çalışdıq ki, bu heyətlə cütün taleyini cavab matçına daşıyaq. Hər halda, cütün taleyi Bakıda həll olunacaq. Hər iki komandanın şansı var. Komandam qolları təsadüfən vurmadı. Həmin qolları qazandıq. Zəhmət çəkdilər. Kizito da qol vursaydı, hesab 3:1 olacaqdı və tam başqa cür oyun gedəcəkdi. Bəzi futbolçuları qoruduq. Üçüncü qolu vurmaq istəyirdik. Fikirləşirdik ki, “Qəbələ” irəli atılsın, biz də onları əks-hücumda tutaq. Çətinliklə qol vurub, qapımızda asanlıqla qol görürük. Sadə qollar buraxırıqsa, problemdir. Amma futbol oynamağı bacaran komandayıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Qəbələ" ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Rəqiblər sizinlə oyunlarda arxayınlaşır?
- Biz hər iki cəbhədə vuruşuruq. Çempionat da bizim üçün çox vacibdir. Amma bu o demək deyil ki, kubokda təslim olacağıq. Harada şansımız var, maksimumu etməliyik. Çempionatda da uğurlu matçlarımız var idi, bu da arxasıdır, gəlir.
- Cavab matçında rotasiyalar olacaq, yoxsa döyüşkən heyət görəcəyik?
- Fikirləşəcəyik. “Neftçi” ilə çempionat oyunundan sonra da futbolçuların durumu çox vacibdir. Udmaq üçün mütləq hücum etməliyik. Kubok elədir ki, iki oyunda da taktiki cəhətdən ağıllı oynamalısan. Əvvəl səfər qolunun vacibliyi var idi ki, çox gözəl qaydaydı. Sonradan ləğv edildi. Bizə indi qələbə vacibdir. Buna görə də daha çox hücumameyilli futbolçulardan istifadə edəcəyik. Finala çıxmaq istəyiriksə, hücum etməliyik. Şanslar bərabərdir. Bir-birinə bənzəməyən iki matç olacaq.
- Cavab qarşılaşmasında cütün taleyi penaltilərə qalsa, qapıda hansı qolkiper dayanacaq?
- Start heyətində meydana hansı qapıçı çıxacaqsa, sona qədər də dayanacaq.
- Samir Abasov deyib ki, heç bir komandanın Premyer Liqadan düşməsini istəmədiyini deyib...
- Bir fikir deyəndə, ikiyə bölünür. Yəqin ki, deyəcəyim söz bir həftə də müzakirə olunacaq. “Sumqayıt”, “Şamaxı”, “Kəpəz”, “Səbail”in 11-12 komandası var. U-9, U-11, U-15 necə olacaq? Əsas komandanı kənara qoyuram, yaxşı 30 futbolçu itdi, bəs qalanları? 11-12 yaşlılardan ibarət komandaların taleyi necə olacaq? Demirəm ki, biz düşürüksə, bizi saxlayın. Dörd komandanın taleyindən danışmışdım. Yerimizə gələcək klubun 12 fərqli komandası varsa, razıyam. Yəni, uşaqlar itməyəcək. Hazırki liqadakı klubların hamısının akademiyası var.
- Bu mövsüm əvəzedici heyətdən əsas komandaya cəlb olunanlar azdır. Bu nə ilə bağlıdır?
- İki məqam var. Birincisi odur ki, gənc limiti olanda məcburiyyətdə iki oyunçu götürə bilirdin. Mən gənclərə yol vermək istəyən məşqçilərdənəm. Təcrübə nəticə deməkdir, gənclik nəticə deyil, sabaha ümiddir. Biz də bugünkü gündə sabahı yox, bu günü düşündüyümüz üçün oyunlar vacibdir. Gənclərə yer verə bilmirik. Əvəzedici heyətdə yaxşı oyunçularımız var. Onlara məşqlərdə yer veririk.
- Hansısa komanda Premyer Liqada qalmağı bacarmırsa, AFFA-dan "bizi saxlayın, hamımızı saxlayın" istəyi nə dərəcədə doğru və ədalətlidir? Divizionda olsanız da, akademiyanız fəaliyyətini davam etdirə bilməz?
- UEFA-nın tələbləri var. Ona əsasən Premyer Liqadakı klubun bayaq dediyim qədər aşağı yaş qrupu olmalıdır. Amma UEFA-nın tələbində divizionda oynayan komandanın akademiyası olmasa da, oynaya bilər.
- Peşəkar yanaşırıqsa, demək ki, divizion klubu da akademiya saxlaya bilər də...
- Əlbəttə. Bəs büdcə?
- Sponsorunuz yoxdur? Onlar Premyer Liqada qalacağınız təqdirdə, sizə sponsorluq edəcək?
- Bu mənə aid sual deyil. Dövlət tərəfindən ayrılan pulla saxlamaq olursa...Bu gün əsas komandada perspektiv yoxdursa...
- Bir il sonra qayıtmaq olar da Premyer Liqaya...
- Kim qaranti verə bilər?
- Rəhbərlik...
- Biz harada yaşayırıq?
Mirbağırağa
saytlarin hazirlanmasi