"Buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq" - MÜSAHİBƏ

11:15 - 20 Aprel 2023

"Səbail"in forvardı Kizito Luvaqo Sportal.az saytına müsahibə verib. Anqolalı hücumçu komandasının ölkə kubokunda finala adlamaq şanslarını dəyərləndirib.

- Ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Qəbələ"yə 2:3 uduzduz. Həmin oyunu necə dəyərləndirirsən?

- Əslində, oyuna pis başlamamışdıq. Bəli, bu oyunda səhvlərimiz oldu. O da qapımızda qollarla nəticələndi. İnanıram ki, baş məşqçimiz bunu növbəti oyunda həll edəcək. Ancaq ümumilikdə komanda olaraq "Qəbələ"yə qarşı matçda çox böyük iş gördük.

- Hesab 2:1 olanda üçüncü qol şansınız yaranmışdı. Amma həmin epizoddan yararlana bilmədin...

- Təbii ki, hər bir hücumçu qol vuraraq komandasına xeyir verməyə çalışır. Mən də həmçinin. Əks-hücumda oynayırdıq və iki qol vurmağı bacarmışdıq. İkinci yarıda da qol epizodlarımız oldu. Sadəcə yararlana bilmədik. İnanıram ki, Bakıdakı matçda da qol şanslarımız olacaq və yararlanacağıq.

- Finala vəsiqə qazanmaq şansınız nə qədərdir?

- Təbii ki, bu mərhələdə dayanmaq yaxşı olmazdı. Özümüz də finala adlamaq istəyirik. Cavab görüşünü evdə oynayacağıq. Mübarizəyə qayıtmağımız üçün bizə sadəcə bir qol lazımdır. Məncə, bunu etməyə gücümüz çatar. 

- Demək ki, səfərdəki məğlubiyyət sizi ruhdan salmayıb...

- Bakıda cütün taleyini dəyişmək imkanımız olacaq. Sadəcə buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq. Qəbələdə buraxdığımız səhvləri Bakıdakı oyunda təkrarlamaq olmaz. Çünki biz uğurlu nəticə üçün oynayacağıq. Belə oyunda isə səhv etməmək lazımdır.

- Sizin üçün çempionat, yoxsa kubok daha önəmlidir?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Fərqi yoxdur, kubok görüşünə çıxırıq, yoxsa çempionat. Meydana çıxdığımız hər matçda ən yaxşı nəticə üçün çalışırıq. Növbəti turda "Neftçi" ilə qarşılaşacağıq. Həmin görüşdə də üç xal üçün oynayacağıq.

Mirbağırağa

Xəbər xətti