"Səbail" Azərbaycan Premyer Liqasının XXXI turunda doğma meydanda "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün çox yaxşı oyun izlədik. Komandama təşəkkür edirəm ki, belə yüksək səviyyəli futbol oynadı. Heç bir oyunda bu qədər qol epizodları yaratmamışdıq. Futbolçularıma heç bir iradım yoxdur. 3 xala çox yaxın idik. Bizim real qol vəziyyətlərimiz daha çox idi. Sadəcə istifadə edə bilmədik. Qazanılan 1 xal da bizim üçün qızıldır. Premyer Liqada qalmaq üçün komandaya inamım çoxalıb. Futbolçuların məşqə, oyuna yanaşması məni tam razı salır. Birinci hissədə çox pressinq etdik. Pressinq etməks çətindir. Şükür ki, gücümüz sona kimi çatdı.
- Sizcə, 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?
- Oyundan əvvəl desəydilər, 1 xal qazandıq deyərdim. Amma statistikaya, qol vəziyyətlərinə baxanda biz 2 xal itirdik. Bu gün qələbə qazanmağa layiq idik. Təsadüfi qol vəziyyətləri yaratmadıq, düşünülmüş hücumlarımız var idi.
- Epizodları qola çevirmək üçün nə çatmadı?
- Bu vəziyyətdə bir cavab var: Futbolçuların ustalıq səviyyəsi.
- "Səbail"i daha çox Mahmud Qurbanov daşıyır, yoxsa Şahin Diniyev?
- Şahin Diniyev daşıyır, niyə Mahmud Qurbanov? Hazırda baş məşqçi kimdirsə, o daşıyır. Mən günahı heç vaxt kiminsə üstünə atmaq istəmirəm.
- Qəbələ səfərində az şans qazanan futbolçuları oynatdınız. Onlar da özlərini yaxşı göstərdilər. Bu gün həmin oyunçulara şans versəydiz, nəticə fərqli ola bilərdi?
- Rotasiyalar etməyə məcburuq. 3-4 gündən bir oynamağa çətinlik çəkirik. Qəbələdə daha çox müdafiəyəmeyilli futbolçuları meydana buraxdıq. Çünki, kubokun ilk matçında sərfəli nəticə qazanmaq lazım idi. Komandada ab-hava yüksək səviyyədədir. Hər kəs məsuliyyəti dərk edir. Komandanın oyununu düzəltmək üçün vaxt lazımdır. Artıq komanda futbol oynamağa başlayıb. 27 nəfərin hər biri eyni məşqi edir. Bu gün oyundan zövq aldım.
- Hakim idarəçiliyindən razı qaldınız?
- Hər birimiz insanıq, səhv edə bilərik. Oyunda emosiyalar olur. İlk 7-8 dəqiqədə iki cərimə zərbəsini vermədilər. Ümumən hakimlik yüksək səviyyədə idi.
- Mirabdulla Abbasovu daha erkən meydana buraxmaq olmazdı?
- Mirabdulla əməliyyatdan çıxıb. Komanda ilə məşqlərə təzə başlayıb. Hələ ki, hazır deyil. Məşqdə mən görürəm, oyunda siz görürsüz. Kim daha hazırdırsa, ona şans verirəm. Zakbanın son oyunlarda qol vurmağı mənə ümid verdi. Pis oynamadı.
- Ağabala Ramazanovun qol epizodlarını sağa-sola xərcləməsi haqda nə deyə bilərsiniz?
- Bayaq dedim ki, ustalıq səviyyəsi. Demirəm Agabalanın ustalıq səviyyəsi aşağıdır. Sadəcə tələskənlik olur. Ağabala bir az gərgin idi. Çox istəyirdi komanda qələbə qazansın. Bəlkə də soyuqqanlılıq çatışmadı ki, çərçivəyə düşə bilsin.
Elçin Əlixan
saytlarin hazirlanmasi