"Səbail" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab görüşündə "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:
- "Qələbə"ni təbrik edirəm. Kuboka bənzər bir oyun idi. İstək, xarakter, emosiyalar var idi. Birinci hissədə biz daha dominant futbol oynadıq. Üç qol vəziyyətimiz oldu, istifadə edə bilmədik. 46-cı dəqiqədə gördüyümüz qırmızı vərəqə bütün planlarımızı pozdu. Bir neçə oyundur rotasiya edirik. Üç gündən bir oyunlara gücümüzü saxlamağı düşünürdük. Komandama təşəkkür edirəm, xarakter göstərdilər. Qırmızı vərəqələr oyun epizodu idi, buna etiraz edə bilmərik. Adil Nağıyevin aldığı qırmızı vərəqə isə yersiz idi. Düzdür, çox şeyi dəyişməyəcəkdi. Amma oyun nizam-intizamı var. Onun hərəkətini heç bəyənmədim. Özünə də iradımı bildirdim. Hakimin gözündən qaçan bəzi kiçik foullar var idi. Onlar da böyük fəlakətə gətirib çıxarırdı.
- Komandanı psixoloji olaraq çempionata necə hazırlayacaqsız?
- Komandanın göstərdiyi oyun xoşuma gəlir. Artıq oturuşmuş oyun sistemimiz var. Qarşıda beş oyunumuz var. Şanslarımız var. Bundan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Artıq rotasiyalar qurtardı. Əsas heyətin futbolçuları oynadıqdan sonra nəticə olacaq. İnanıram ki, Qəbələdən uğurlu nəticə ilə qayıdacağıq.
- 10 gün ərzində eyni rəqiblə 3 oyun keçirəcəksiz. Komandanı motivasiya etmək çətin deyil?
- Bu gün oyundan əvvəl bu sözü dedim. Eyni rəqibi 6 dəfə təhlil etmişik. Futbolçulara dedim ki, artıq kimin necə oynadığını özünüz bilirsiz. Bir rəqiblə 6 dəfə oynamaq çox çətindir. Məcburuq. İrəli getməliyik. Premyer Liqada qalmaq istəyiriksə, irəlidə oynamağa məcburuq.
- Adil Nağıyevi intizamsızlığına görə cəzalandıracaqsız?
- Yox. Həm komandanın içində, həm də təklikdə ona sözümü dedim. Düşünürəm ki, səhvini anladı.
- Qarşıda sizi çox çətin oyunlar gözləyir. Futbolçular məsuliyyəti dərk edir?
- Xarakter və oyun var. Uduzmağımıza baxmayaraq xarakter göstərdik. Bu ikisinin sintezi olacaqsa, uğur da gələcək.
- Hüseynəli Quliyevə çempionat matçlarında da şans vermək fikriniz var?
- Qapıçı elə mövqedir ki, tez-tez dəyişsək, ritmdən düşə bilərlər. Bu gün Hüseynəliyə şans verdim. O şansdan yaxşı istifadə etdi. Hər iki qapıçımız yaxşıdır. Qapıya arxayın ola bilərəm.
Elçin Əlixan
saytlarin hazirlanmasi