"Qarabağ"ın dəvətinə ehtiyac yoxdur, bilirəm ki, klubun qapısı bizim üçün hər zaman açıqdır" - MÜSAHİBƏ

13:32 - 1 İyun 2023

"Qarabağ"ın veteran futbolçusu Muarem Muarem Sportal.az saytına müsahibə verib.

"Bu uğurlarını gördükdə, "Qarabağ" kimi komandada oynadığıma görə, şad oluram"

- Son olaraq “Qostivar”da oynadın. Komandanı  yüksək liqaya çıxardıqdan sonra aktiv futbolçu karyeranı başa vurdun?

- Bəli, "Qostivar"dayam. İlyarım ikinci liqada oynadım və bir həftə əvvəl liqa başa çatdı. Komanda 10 illik aradan sonra Superliqaya vəsiqə qazandı. Hazırda tətildəyik, bir aylıq vaxtımız var. Superliqaya layiq idik. 30 matçda məğlub olmadan bunu reallaşdırdıq. 23 oyunda qalib gəldik, 7 matçımız bərabərə bitdi. Hər şey yolunda getdi. Bəli, artıq futbol oynamayacam. "Qostivar"da köməkçi məşqçi vəzifəsində işləyəcəm. Karyeramı bitirməyimin səbəbi yoxdur. Rəhbərlikdən təklif gəldi və mən də düşündüm ki, bəlkə bir ildən sonra belə dəvət olmayacaq. Onsuzda, bu mövsüm olmasa da, qarşıdakı sezon karyeramı yekunlaşdıracaqdım. Xeyirlisi olsun. Verdiyim qərarıma görə, çox da üzülmədim, yenə də xoşbəxtəm. Çünki istənilən halda futbolda olacam. 

- Azərbaycan futbolu və “Qarabağ”ı izləmək üçün daha çox vaxtın olacaq? Ümumiyyətlə, sabiq komandanı izləyirdin?

- Demək olar ki, oyunlarının 90 faizini izləyirdim. "Qarabağ"ın çempion olması çox normaldır. Çünki 15 ildir ki, eyni sistemdə, eyni intizamda işləyən komandadan bəhs edirik. Bu mənada, komandanın avrokuboklarda və çempionatda uğurlu olması çox normaldır. "Qarabağ" bunu çox yaxşı şəkildə edir. Onları təbrik edirəm. Bu uğurlarını gördükdə, "Qarabağ" kimi komandada oynadığıma görə, şad oluram. 

- Sənin oynadığın vaxtdakı “Qarabağ” və hazırkı komanda. Hansı fərqləri görürsən?

- Əlbəttə, çox uzun müddət keçib. Amma məncə, bir mövsüm əvvəlki və indiki komanda bizim vaxtımızdakından daha güclüdür. Çünki matçları izləyirdim və əsl oturuşmuş komanda görürdüm. Üstəlik, hər şeyi nə zaman, necə etmək lazım olduğunu bilən oyunçu qrupu var.

"Musa Qurbanlını çox bəyənirəm"

- Ansi Aqolli ara-sıra Azərbaycana gələrək “Qarabağ”ın bazasını ziyarət edir. Sən niyə ayrılandan bu yana Bakıya gəlməmisən?

- Futbolçu karyeramı davam etdirdiyimə görə alınmırdı. Zamanım da çox deyildi. Ancaq indi daha çox vaxtım olacaq. Bakıya gəlib, “Qarabağ”ı düşərgəsini ziyarət etməyi çox istəyərəm. Azərbaycana gəlməyim üçün "Qarabağ"ın mənə dəvət göndərməsinə ehtiyac yoxdur. Çünki bilirəm ki, qapı bizim üçün hər zaman açıqdır. Düşünürəm ki, istədiyimiz zaman “Qarabağ”ı ziyarət edə bilərəm. Əminəm ki, belədir. Yaxın vaxtlarda bunu reallaşdıracağıma inanıram.

- "Qarabağ"ın hazırkı heyətində ən çox bəyəndiyin futbolçu kimdi?

- "Qarabağ"ın heyətində bəyəndiyim oyunçu var. Musa Qurbanlını çox bəyənirəm. Son 2-3 ildə inanılmaz dərəcədə irəlilədi. Tez bir zamanda Avropada oynamasını çox istəyirəm. Çünki o səviyyədə futbolçu xaricdə çıxış edə bilər. Musanın Avropaya yollanması, Azərbaycan millisinə də faydalı olacaq. 

"Zamanı gələndə “Qarabağ”da və Azərbaycan klublarında şimali makedoniyalı futbolçular yenə oynayacaq"

- Bu komanda oynamış sonuncu şimali makedoniyalı futbolçu sənsən. Səncə, “Qarabağ” forması geyinəcək həmyerlilərin yoxdur?

- İnanıram ki, “Qarabağ”da oynaya biləcək şimali makedoniyalı futbolçular var. Bu komanda son illərdə çox inkişaf etdi. Şimali Makedoniya futbolu da, klub və milli səviyyəsində müəyyən yol qət edib. Məncə, zamanı gələndə “Qarabağ”da və Azərbaycan klublarında şimali makedoniyalı futbolçular yenə oynayacaq. Azərbaycan çempionatında çıxış edəcək səviyyədə futbolçularımız var. İstəyən komandalara hər mövzuda köməklik göstərə bilərik. Amma Azərbaycan klublarının həmyerlilərimi əvvəlki qədər transfer etməməsinin səbəbini bilmirəm.

- Azərbaycandan ayrıldıqdan sonra buradan təklif almışdın?

- Konkret təklif olmamışdı. Sadəcə danışıqlar getdi. Ancaq ondan artıq deyildi. Ola bilsin ki, konkret bir şey deyildi deyə, gəlmədim. Bəlkə də, təklif daha real olsaydı, Azərbaycana qayıtmağı düşünə bilərdim.

Elçin Əlixan

Xəbər xətti