"Mahir Emreli "Dinamo"ya xeyir verə biləcək oyunçudur"

10:12 - 6 İyul 2023

Xorvatiya mətbuatında "Dinamo"nun hücum variantları müzakirə edilərkən Azərbaycan milli komandasının üzvü Mahir Emreli də yaddan çıxmayıb. 

Sportal.az xəbər verir ki, "Index.hr" portalı Emrelinin yeni mövsüm Zaqreb klubuna kömək ola biləcəyini yazıb:

"Mahir Emreli "Dinamo"ya indiyə qədər olandan qat-qat çox xeyir verə biləcək oyunçudur. O, 2022-ci ilin qışında Varşavanın "Legiya" klubundan "Dinamo"ya keçib və ötən mövsümü icarə əsasında Türkiyənin "Konyaspor" klubunda keçirib. Burada isə çox oynamayıb. Bununla belə, meydanda olduğu bir neçə dəqiqə ərzində ortaya çox səmərəli iş qoyub. Bundan əvvəl "Dinamo" üçün 18 liqa matçında 5 qol vurub. Özü də, bunları mərkəz hücumçusu mövqeyində oynamadan edib. 

Emreli cinahda sürətli və təhlükəlidir, anı yaxşı hiss edir. "Dinamo"nun cinahlarda rotasiyasının olmadığı bir vaxtda, Emreli Xorvatiya çempionu üçün əsas oyunçuya çevrilə bilər. Azərbaycan millisinin heyətində UEFA Millətlər Liqası və AVRO-nun seçmə mərhələsində düzgün rolda driblinq vasitəsilə oyunu gücləndirə biləcəyini göstərmişdi. Bu da “Dinamo”nun cinahlarda çatışmayan cəhətidir. Şutalo və Emreli iki mühüm mövqedə problemi aradan qaldıra biləcək oyunçulardır. Mövsümün əvvəlində yaxşı durumda olsalar, “Dinamo”ya böyük güc qatarlar".

Mirbağırağa
 

Xəbər xətti