Tahir Gözəl: "Liverpul"u, "Roma"nı Bakıda görməyi çox istəyərdim"

23:03 - 31 Avqust 2023

"Qarabağ" Sloveniyanın "Olimpiya" klubu ilə 1:1 hesablı heç-heçə edərək Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə yüksəldik. Bəzi ölkələr reytinqlərinə görə avtomatik olaraq qrupda iştirak edirlər. Şərqi Avropada tarix boyu belə klub olmayıb ki, 10 il dalbadal qrup mərhələsində iştirak etsin. Sizə çox maraqlı bir statistika deyim. Avropada yalnız 16 klub 10 il ardıcıl qruplarda mübarizə aparıb. Onların əksəriyyəti də avtomatik buna nail olurlar. Həqiqətən də tarixi bir gündür. İnsanlarımızda bu sevinci görərkən hansı hissləri keçirdiyimi təsvir edə bilmirəm. Çox gözəl axşamdır. Avropada böyük klub, kiçik klub yoxdur. Ağır oyun oldu. "Qarabağ" təmkinli, səliqəli oynadı. Qurban Qurbanov öz məharətini göstərdi. Çox böyük qürur hissi ilə buradan ayrılıram.

- Avropa Liqasında çox güclü rəqiblər var. Onlarla mübarizə aparmaq üçün yeni transferlər edəcəksiz?

- Qurban Qurbanovun əlində büdcəsi var. Bizim tərəfimizdən heç bir məhdudiyyət yoxdur. Qısa müddətdə Qurban müəllim kimisə tapa biləcəkmi, onu deyə bilmərəm. Biz həmişə axtarışdayıq.

- Püşklə bağlı gözləntiləriniz necədir? Böyük klublar düşə bilər...

- Mən sevinərəm. Klubuma inanıram. "Liverpul"u, "Roma"nı Bakıda görməyi çox istəyərdim. Artıq dünyada "Qarabağ"ı və Azərbaycanı tanıyırlar. Bunu əminliklə deyirəm. Böyük klubları burada gözləyirik.

Elçin Əlixan

Xəbər xətti