İsveç millisinin baş məşqçisi: "Sabah qələbə qazanmaq istəyirik"

16:30 - 15 Noyabr 2023

İsveç milli komandası Avro-2024-ün qrup mərhələsinin oyunu çərçivəsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq.

Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında skandinaviyalıların baş məşqçisi Yanne Anderson jurnalistlərin suallarını cavablandırıb:

- Qrupdan çıxmaq şansınız qalmayıb. Belə vəziyyətdə oyuna hazırlaşmaq çətin olmur?

- Təəssüf ki, qrupdan çıxmaq şansımız yoxdur. Amma yenə də matçlara eyni mentalitetlə yanaşırıq. Yaxşı çıxış etmək və qələbə qazanmaq istəyirik. Yanaşmamız da heç bir dəyişiklik yoxdur. Sabah rəqibə çətin anlar yaşatmaq istəyirik.

- İlk oyunda böyükhesablı qələbə qazandınız. Azərbaycan millisi sabah bunun əvəzini çıxmağa çalışacaq. Bu, sizi narahat etmir?

- Martda Azərbaycan millisinə qarşı oynadıq. Birinci hissədə demək olar ki, bərabər oyun gedirdi. Rəqibin müdafiə xəttini ikinci hissədə yara bildik. Sabah da bizi çətin oyun gözləyir.

- "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Hekken"lə rəqibdir. Bu komandalardan hansının qrupdan çıxmaq şansı daha yüksəkdir?

- Çox məlumatlı deyiləm. Çünki, mən milli komandada çalışıram. Amma bilirəm ki, "Qarabağ" çox yaxşı komandadır. Ümid edirəm ki, bizim təmsilçimizin də çıxışı uğurlu olacaq.

- "Neftçi"nin idman direktoru isveçlidir. Onunla millimiz haqda söhbət etmisiz?

- Onunla söhbətim olub. Amma bu oyunla bağlı yox. Qısa müddətdir ki, Azərbaycanda çalışır.

- 2018-ci il dünya çempionatından sonra komanda yaxşı performans göstərə bilmir. Bunun səbəbi nədir?

- Bunu bir çox faktorlarla əlaqələndirə bilərəm. Hazırda qrupumuzda iki yaxşı komanda var.

Elçin Əlixan

Xəbər xətti