Bilel Auaşeriya "Qəbələ"nin tarixinə düşdü

14:58 - 26 Noyabr 2023

Bilel Auaşeriya “Qəbələ”nin tarixinə bir oyunda üç qol vuran 6-cı futbolçu kimi düşüb.

Sportal.az xəbər verir ki, 29 yaşlı fransalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XIV turunda fərqlənib.

Bilel “Turan Tovuz”la ev oyununda het-trikə imza atıb. O, birinci hissədə bir, fasilədən sonra iki dəfə rəqib qapısına yol taparaq “Qəbələ”nin 4:0 hesablı qələbəsində pay sahibi olub.

Ona qədər “Qəbələ”nin 5 futbolçusu bir matçda 3 qol vurub. Sonuncu het-trikə 6 il əvvəl kubok oyununda Filip Ozobiç imza atıb.

Ümumiyyətlə, 6 het-trikdən biri UEFA Avropa Liqası, üçü Premyer Liqa, ikisi Azərbaycan kubokuna təsadüf edib. Teo Uiks avrokuboklarda, Vüsal Qarayevlə Filip Ozobiç kubokda fərqlənibsə, çempionatda Bilelə qədər yalnız Fərzad Hatəmi və Baqali Dabo het-trik müəllifi olub.

Het-triklərdən 4-ü ev, 2-si səfər matçında qeydə alınıb.

Qeyd edək ki, “Qəbələ”nin futbolçularının aktivində bir penta-trik və bir poker də var. Rövşən Əhmədov birinci dəstədə 5, Vitali Balamestnı Premyer Liqada 4 qol vurmağı bacarıb.

Xəbər xətti